Pandemiya dövründə SOCAR-da qanvermə aksiyası davam edir

Pandemiya dövründə SOCAR-da qanvermə aksiyası davam edir
# 22 aprel 2020 15:16 (UTC +04:00)

Ölkənin ictimai həyatında daim fəallıq göstərmiş Azərbaycan neft sənayesi işçiləri bu gün də koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə yaxından iştirak edir, birlik və həmrəylik nümayiş etdirirlər.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdəki irsi qan xəstələrinin, o cümlədən qana ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqında təşəbbüsünə qoşulan SOCAR-ın 350 nəfərə yaxın əməkdaşı bu həftə qan verib.

Məlumata görə, bu dəfə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb personalının iştirakı ilə şirkətin “Azərikimya” İstehsalat Birliyinin akt zalında keçirilmiş aksiyanın davam etdirilməsi nəzərdə tutulur. Növbəti günlərdə bu nəcib aksiyaya SOCAR-ın digər bölmələrinin əməkçiləri də qoşulacaqlar.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. SOCAR 2009-cu ildən bu xeyirxah təşəbbüsə dəstək verir. 2015-2019-cu illərdə şirkətin bütün idarələrinin iştirak etdiyi aksiyalarda 11 min nəfərdən artıq neftçi donorluq edib. Ötən ilin noyabrından başlamış növbəti qanvermə aksiyasına isə bu günədək 1000-dən çox neftçi həmkarımız qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR