Qarabağın alternativ enerji potensialı dəqiqləşdiriləcək

Qarabağın alternativ enerji potensialı dəqiqləşdiriləcək
# 02 noyabr 2020 12:42 (UTC +04:00)

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdədir.

Bu barədə "APA-Economics"ə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1,6-1,7 min kVt-saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3-4 min MVt-dır.

Məlumata əsasən, torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

"Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. "Globalwindatlas" platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 m/s-yə çatır", - nazirlikdən bildirilib.

Qeyd edək ki, ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavatt kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcək.

Bütün bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisində 3 093 kubmetr/gün, Şuşada isə 412 kubmetr/gün termal su ehtiyatları mövcuddur. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü müvafiq ərazilər düşmən işğalından tam azad olunduqdan sonra tədqiq ediləcək.

Onu da əlavə etmək lazımdır ki, Qarabağ bölgəsində daş kömür yataqları da mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndində 8,5 mln. ton daş kömür ehtiyatı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR