Rövnəq Abdullayev Qələbə münasibətilə SOCAR-ın rəhbər heyəti ilə görüşüb

Rövnəq Abdullayev Qələbə münasibətilə SOCAR-ın rəhbər heyəti ilə görüşüb
# 10 noyabr 2020 17:31 (UTC +04:00)

Noyabrın 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin rəhbər heyəti, idarə və müəssisə rəhbərləri ilə Azərbaycanın böyük Qələbəsi münasibətilə onlayn görüş keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüş iştirakçılarını Vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edən R. Abdullayev deyib:

“Xalqımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşməsi ölkəmizin müdafiə gücünü artırdı. Müzəffər Ordumuzun bir-birinin ardınca qazandığı hərbi əməliyyatlar nəticəsində düşmənin müqaviməti qırıldı. Duruş gətirə bilməyən düşmən təslim olmaq məcburiyyətində qaldı. Beləliklə də, qələbə bizim oldu! Bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var. Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq ki, ulu Tanrı bizə bu günləri görməyi nəsib etdi. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib, daha da əzmlə çalışacağıq”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək, neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız cənab İlham Əliyevi təbrik edib. O, deyib: “Qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin rolu böyükdür. Bu qələbə Ordumuzun rəşadətli əsgər və zabitlərinin, eyni zamanda ölkəmizin maddi vəziyyətinin, xalqımızın sosial rifahının yüksəlməsi, ordumuzun maddi təminatının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmaq bilmədən əzmlə çalışan neftçilərin əməyinin nəticəsidir. Möhtərəm Prezidentimiz özü də neftçilərlə çiyin-çiyinə çalışıb, onda da neftçi ruhu var. Azərbaycan xalqının qətiyyətli lideri, rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi bu qələbənin əldə olunmasında məhz İlham Əliyev həlledici rol oynayıb. Onun xalqımıza, xalqımızın ona olan inamı, bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan neftçiləri olaraq, biz hər zaman cənab Prezidentimizin arxasındayıq və onunla fəxr edirik!”.

Məlumata görə, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq, işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR