Rumıniya Azərbaycan qazının cəlb edilməsində maraqlıdır

Rumıniya Azərbaycan qazının cəlb edilməsində maraqlıdır
# 27 fevral 2020 17:50 (UTC +04:00)

Fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ''Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Niculae Havriletin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Rumıniyanın “Transqaz” şirkətinin rəhbərliyi, müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələri və bu ölkənin Azərbaycandakı səfiri iştirak edib.

Məlumata əsasən, görüşdə Azərbaycan qazının yaxın zamanlarda Cənub Qaz Dəhlizi vasitəsilə ilk dəfə Avropa bazarlarına çatdırılacağı vurğulanmış, qazın interkonnektorlar vasitəsilə Rumıniya bazarlarına nəqli məsələsi müzakirə olunub. Qonaqlar gələcəkdə Rumıniyanın təbii qaza tələbatının artacağını və həmin tələbatın təmin olunması məqsədi ilə Azərbaycandan və başqa ölkələrdən əlavə qaz həcmlərinin cəlb edilməsində maraqlı olduqlarını bildiriblər. Azərbaycan qazının BRUA kəməri ilə Rumıniya üzərindən keçməklə Bolqarıstandan Avstriyaya qədər Avropanın müxtəlif qaz bazarlarına daşınması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Rumıniyanın Milli Qaz Ötürücü Şirkəti, ''Transgaz'' S.A. Rumıniya hökuməti tərəfindən 2000-ci ildə yaradılmışdır və ticarət səhmdar cəmiyyəti olaraq fəaliyyət göstərir. Əsas fəaliyyəti yerli və beynəlxalq tranzit və təbii qaz dispetçerliyindən ibarətdir.

Ötən ilin oktyabrında SOCAR Rumıniyanın digəri şirkəti “S.N.G.N. Romgaz S.A.” ilə geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamışdır. Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı “S.N.G.N. Romgaz” şirkətinin aktivlərinin 70%-i dövlətə məxsusdur. “Romgaz” təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğuldur.

Hazırda SOCAR Rumıniya bazarında yanacaqdoldurma məntəqələrinin operatoru olan “SOCAR PETROLEUM SA Rumıniya” şirkəti ilə təmsil olunur. SOCAR-ın 2011-ci ildə təsis edilmiş bu törəmə şirkəti hazırda Rumıniyada “SOCAR” brendi altında 40-dan çox premium səviyyəli yanacaqdoldurma məntəqəsinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR