SOCAR: "Abşeron" yatağında hasilat 2021-ci ilin ortalarında başlayacaq

SOCAR: "Abşeron" yatağında hasilat 2021-ci ilin ortalarında başlayacaq
# 11 fevral 2020 17:21 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında hasilatın 2021-ci ilin ortalarında başlanılması gözlənilir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Onun sözlərinə görə, "Abşeron" yatağının ehtiyatları 300 mlrd. kubmetrdən çox qiymətləndirilir ki, bu da plato səviyyəsində ildə 5 mlrd. kubmetr qaz hasil etməyə şərait yaradır.

Xatırladaq ki, "Total Azerbaijan" şirkətinin rəhbəri Denis Lemarşal öncə söylədiyinə görə, "Abşeron" yatağında kommersiya qazının hasilatı 2021-ci ilin əvvəlində başlayacaq. Yatağın işlənilməsinin birinci mərhələsi çərçivəsində hasil edilən qaz daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, hazırda qaz ehtiyatları 350 mlrd. kubmetr (45 mln. ton kondensat) təşkil edən "Abşeron" yatağında infrastrukturun yaradılması aparılır.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Qeyd edək ki, bu yaxınlarda yataqda kəşfiyyat-hasilat quyusunun qazılması və konservasiyası bitib.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Yatağın operatoru "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP ("Joined Operating Company Absheron Petroleum") birgə müəssisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR