SOCAR: BTC normal rejimdə fəaliyyət göstərir

SOCAR: BTC normal rejimdə fəaliyyət göstərir
# 07 oktyabr 2020 10:13 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri fəaliyyətini normal rejimdə davam etdirir.

"APA-Economics"in məlumatına görə, bu barədə sosial şəbəkədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov yazıb.

"Azərbaycanın Baş Prokurorluğuna istinadən bəzi KİV-lərdə yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb", - İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, BTC boru kəmərinin səhmdarları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır: "Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa Birliyinin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoyub".

"Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktordur. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə faktor kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək", - deyə İ. Əhmədov vuğulayıb.

Qeyd edək ki, kəmərin gündəlik ötürmə qabiliyyəti 1 mln. bareldir. BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, kəmərlə nəql edilmiş ixrac xam neftlə yüklənmiş ilk tanker isə 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasında BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR