SOCAR Ukrayna ilə əməkdaşlığı genişləndirir

SOCAR Ukrayna ilə əməkdaşlığı genişləndirir
# 18 dekabr 2019 11:15 (UTC +04:00)

Ukraynanın Xerson vilayəti Dövlət Administrasiyası və “SOCAR Energy Ukraine” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, memorandum Bakıda keçirilən Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığına dair müzakirələr zamanı imzalanıb. Tədbirdə hər iki tərəfdən sənaye, maşınqayırma, kənd təsərrüfatı, tikinti, energetika, nəqliyyat-logistika, bankçılıq, tibb və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” şirkəti 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. “SOCAR” brendi ilə Ukraynada 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Məlumata əsasən, Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının bu gün keçirilən Azərbaycan-Ukrayna biznes forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Ukrayna arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələri iqtisadi münasibətlərin məzmununu və inkişaf perspektivlərini şərtləndirir.

Nazir diqqətə çatdırıb ki, ticarət əlaqələri əməkdaşlığın əsas istiqamətlərindəndir. Bu sahədə müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 15,5% artaraq 712 mln. ABŞ dollarından çox olub. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və strukturunun şaxələndirilməsi üçün tədbirlər həyata keçirilir.

M. Cabbarov qeyd edib ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə 2018-ci ildə Kiyevdə Azərbaycan Ticarət Evi, bu gün isə Bakıda Ukrayna Ticarət Evi açılıb. Bu səmərəli mexanizm biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

İki ölkə arasında investisiya əməkdaşlığından danışan nazir Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və digər sahələrdə Ukrayna kapitallı şirkətlərin uğurla fəaliyyət göstərdiyini bildirib. O, Azərbaycan şirkətlərinin Ukraynada fəaliyyətinin məmnunluq doğurduğunu, şirkətlərimizin iqtisadi fəallığına bundan sonra da hərtərəfli dəstək veriləcəyini bildirib. Qeyd edib ki, hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil edilən biznes forumlar və işgüzar görüşlər yeni əməkdaşlıq imkanlarının və iş adamları arasında qarşılıqlı etimadın yaranmasına, ticarət dövriyyəsinin artmasına töhfə verir.

İqtisadiyyat naziri Azərbaycanın investisiyalar üçün açıq olduğunu vurğulayaraq aparılan islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli isə çıxışında Ukrayna-Azərbaycan iqtisadi əlaqələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb, bu sahədə həyata keçirilən tədbirlərin, həmçinin Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının iqtisadi-ticarət əlaqələrinin inkişafında yeni imkanlar yaratdığını qeyd edib. Ukrayna iş adamlarının azərbaycanlı tərəfdaşları ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayan nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, İKT, turizm və sair sahələrdə potensialı diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR