SOCAR "Ümid" yatağında tikiləcək platformalarla bağlı planlarını açıqlayıb

SOCAR "Ümid" yatağında tikiləcək platformalarla bağlı planlarını açıqlayıb
# 19 aprel 2021 14:35 (UTC +04:00)

SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir: "Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün "Ümid-2" saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur", - İ. Əhmədov qeyd edib.

Qeyd edək lazımdır ki, hazırda "Ümid" yatağında qazın və kondensatın hasilatı "Ümid-1" (üç quyudan) saylı platformadan aparılır. Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından 1,09 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 28,2% çoxdur. 2020-ci ildə yataqdan 171 min ton qaz-kondensatı hasil edilib ki, bu da illik ifadədə 22,1% artım deməkdir.

"Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Xatırladaq ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR