SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
# 28 aprel 2021 16:12 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən (AİH) “APA-Economics”ə verilən məlumata görə, İclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

AİH-in baş icraçı direktorunun müavini Zaur Qurbanov SOCAR-ın Müşahidə Şurasının fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib.

İclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, SOCAR-ın idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb. Müşahidə Şurasının iclasında komitələrin rəhbərləri və korporativ katibi təyin edilib.

Müşahidə Şurasının və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR