"Şahdəniz-2" çərçivəsində ümumilikdə 17 quyu qazılıb

"Şahdəniz-2" çərçivəsində ümumilikdə 17 quyu qazılıb
# 06 fevral 2020 17:05 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində ümumilikdə 17 quyu qazılıb və bunlardan 16-sının qazılması artıq tamamlanıb.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2019-cu ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

"Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - hesabatda qeyd edilib.

Hesabata əsasən, 2019-cu ildə "Şahdəniz Alfa" platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

"İstiqlal" qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə iki sualtı quyu tamamlayıb. Qurğu daha sonra şərq cinahın şimal hissəsində iki quyu lüləsinin üst intervalını qazıb. "Maersk Explorer" qurğusu SDH01 quyusunu tam dərinliyədək, şimal cinahda bir quyu lüləsinin üst intervalını və qərb cinahın cənub hissəsində iki quyu lüləsinin üst intervalını qazıb. Qurğu daha sonra qərb cinahın cənub hissəsində SDF03 quyusunu tam dərinliyədək qazıb və SDF04 quyusunun alt hissəsini qazmağa başlayıb. Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb.

Qeyd edək ki, "Şahdəniz-2" çərçivəsində hasil olunan qaz Canub Qaz Dəhlizi vasitəsi ilə Türkiyə və Avropaya nəql edilməsi nəzərdə tutulub. Türkiyəyə bu layihə üzrə qaz artıq nəql edilir. Avropaya isə qazın nəqlinə bu ilin dördüncü rübündə start veriləcək.

Xatırladaq ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR