TANAP-la indiyədək 5,8 mlrd. kubmetr qaz nəql edilib

TANAP-la indiyədək 5,8 mlrd. kubmetr qaz nəql edilib
# 30 iyun 2020 11:11 (UTC +04:00)

İstifadəyə veriləndən bu ilin iyunun 29-dək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 5,8 mlrd. kubmetrə yaxın qaz çatdırılıb.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin bu günü – iyunun 30-da Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu təbii qaz boru kəməri – TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanılıb.

Türkiyənin Gürcüstanla sərhəddindən başlayan və Yunanıstanla sərhədinə qədər uzanan TANAP boru kəməri ilə birinci il 2 mlrd. kubmetr qaz tədarük edilib.

"Bu gün isə bu kəmərlə ticari əməliyyatların ikinci ili tamamlanır. İstismara veriləndən cari ilin iyunun 29-dək TANAP-la Türkiyəyə 5,8 milyard kub metrə yaxın qaz nəql edilib", - məlumatda deyilir.

Məlumata əsasən, 2019-cu il aprelin 15-də TANAP kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb və iyunun 15-də "Şahdəniz" yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. Həmin ilin iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib, noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin – ikinci fazasının işə salınması mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR