Türkiyə Azərbaycan qazının idxalını yanvarda 17% artırıb

Türkiyə Azərbaycan qazının idxalını yanvarda 17% artırıb
# 01 aprel 2020 11:02 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 945,18 kubmetrdən artıq qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,9% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvarında Azərbaycandan 808,36 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar ayında bu ölkədən Türkiyəyə təxminən 2 210,11 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 704,15 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvarında Türkiyənin qaz idxalı 5 988,78 mln. kubmetr təşkil edib (2019-cu ilin yanvarı ilə müqayisədə 3,1% artım müşahidə edilib), məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR