Vüqar Bayramov: "Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib"

Vüqar Bayramov: "Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib"
# 22 avqust 2020 11:33 (UTC +04:00)

“Son illər aparılan islahatlar Azərbaycanı elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevirib”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanda 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın enerji sektorunun inkişafı baxımından olduqca vacib hadisədir: “2006-cı ildə Azərbaycan illik 1,7 milyon kv/saat elektrik enerjisi idxal edirdisə, görülən tədbirlər artıq 2020-ci ildə Azərbaycanın 1,5 milyon kv/saat-a yaxın enerji ixrac etməsinə imkan yaradıb. İstehsalın ötən müddətdə qorunub saxlanılması fonunda biz istehlakın azalmasını müşahidə etmişik. İstehlakın azalması da itkinin kəskin aşağı salınması ilə bağlı idi. Belə ki, 2016-cı illə müqayisədə enerji sektorunda itki 42%-dən 9%-ə qədər aşağı salınıb. Bu da tələbin ödənilməsinə rasional yanaşma idi. Çünki ölkə inkişaf edir, istehlak azalsa da, tələb artıb. Eyni zamanda 2016-cı illə müqayisədə abonentlərin sayı 1,7 milyondan 2,7 milyona qədər artıb ki, bu da əlavə 1 milyon abonentin olması deməkdir. Bu baxımdan tələbin artması fonunda bu sektorda aparılan islahatlar imkan verir ki, Azərbaycan optimallaşdırılmış istehsalla tələbi ödəyə bilsin. Həmçinin istehlakın azaldılması məsələsi də Azərbaycan üçün ixrac imkanlarını artırır. Bu baxımdan bu sektorda həyata keçirilən islahatlar növbəti dövrlərdə də Azərbaycanın ixrac imkanlarını genişləndirəcək, ölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Praktik olaraq, son illər enerji sektorunda aparılan islahatlar və bu sektorda infrastrukturun genişləndirilməsinə xidmət edən tədbirlər fonunda Azərbaycanın enerji sektorunun həm ixrac, həm də tələbin ödənilməsi baxımından yeni mərhələyə qədəm qoymasını müşahidə edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR