WEF: Azərbaycan Enerji Keçidi İndeksi üzrə MDB-də liderliyini qoruyub

#
# 14:14
21 aprel 2021

2021-ci ildə Azərbaycan Enerji Keçidi İndeksi üzrə 63% ilə (ETI) dünyada 44-cü, MDB məkanında isə birinci mövqedə qərarlaşıb.

"APA-Economics"in Dünya İqtisadi Forumunun ("World Economic Forum") ETI üzrə dərc etdiyi "Effektiv Enerji Keçidinin Təşviqi" adlı hesabata istinadən verdiyi məlumata görə, Azərbaycanın mövqeyi 2020-ci illə müqayisədə dəyişməz qalsa da, ETI indeksi üzrə ümumi göstəricisi 8,4 faiz bəndi artıb. Dünya üzrə ortalama göstərici isə 59%-ə bərabərdir.

Digər göstəricilərə gəldikdə, iqtisadi inkişafı dəstəkləmək bacarığını, enerji mənbələrinə təhlükəsiz və etibarlı universal girişi və enerji dəyər zəncirində ətraf mühitin davamlılığını qiymətləndirən enerji sisteminin göstəricisi 69,5%, keçid hazırlıq göstərici isə 56,3% səviyyəsində müəyyən olunub.

Qlobal renkinqdə ETI üzrə birinci pillədə 79%-lik göstərici ilə İsveç qərarlaşıb. Norveç 77%-lə ikinci olub, üçüncü yerdə isə 76%-lik göstərici ilə Danimarka qərarlaşıb. Renkinqin autsayderləri (113, 114 və 115-ci mövqelər) müvafiq olaraq Monqolustan (44%), Haiti (42%) və Zimbabve (39%) yer alır.

Qonşu ölkələrə gəldikdə, Türkiyənin ETI üzrə göstərici 58%-ə bərabərdir, ölkə renkinqdə 63-cü pillədə qərarlaşıb. Gürcüstan 65%-lə 33-cü, Rusiya 56% ilə 73-cü, İran 50% ilə 99-cu, Ermənistan isə 59% ilə 57-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, Enerji Keçid İndeksi ("Energy Transition Index") ölkələri enerji sisteminin göstəriciləri (enerji sisteminin performansı) ilə yanaşı, təhlükəsiz, davamlı, sərfəli və etibarlı enerji gələcəyinə keçməyə nə dərəcədə hazır olduqlarını qiymətləndirir və bura altı əsas amil daxildir – kapital və investisiya, tənzimləmə və siyasi öhdəliklər və məsuliyyət, institutlar və idarəetmə, infrastruktur və innovativ biznes mühiti, insan kapitalı və istehlakçı iştirakı, enerji sisteminin strukturu.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda küləklə işləyən stansiyalar 94,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 9,8% azdır. Ötən beş il ərzində isə (2016-2020-ci illər) Azərbaycanda 117 147,6 mln kVt-saat elektrik enerjisi istehsal edilib. Hesabat dövründə Azərbaycanda istehsal edilən elektrik enerjisinin 104 169,8 mln. kVt-saatı (beş ildə 10%-ə yaxın artım) – istilik, 7 942,2 mln. kVt-saatı (45,6% azalma) – su, qalan hissəsi isə külək və günəş elektrik stansiyaların payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR