Xəstəxana elektrik enerjisinə tələbatını günəş panelləri hesabına ödəyir - VİDEO

Xəstəxana elektrik enerjisinə tələbatını günəş panelləri hesabına ödəyir - VİDEO
# 29 iyun 2020 11:19 (UTC +04:00)

Ekoloji mühitin qorunması məqsədilə artıq bir sıra dövlətlər ənənəvi enerji mənbələrindən imtina edərək alternativ və bərpa olunan enerji mənbələrinə üz tutublar.

APA TV-nin məlumatına görə, ölkəmizdə isə bu sahə yeni-yeni inkişaf etsə də, artıq bir neçə dövlət qurumunda, idarə və təşkilatlarda alternativ enerjidən istifadə olunmaqdadır. Belə müəssisələrdən biri də Suraxanı rayonunun Hövsan qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində yerləşən Təcili Tibbi Yardım məntəqəsidir. Məntəqədə quraşdırılan günəş panelləri tibb müəssisəsinin elektrik enerjisini tam şəkildə ödəmək iqtidarındadır.

“Azalternativenerji” MMC-nin Enerji satışı və uçotu şöbəsinin müdiri Mikayıl Rəsulov deyir ki, günəşdən alınmış enerji artıq olduqda “Azərişıq” ASC-nin şəbəkəsinə ötürülür: “Tibb məntəqəsində 40 ədəd günəş panellərindən ibarət 10 kv/saatlıq generasiya qurğusu quraşdırılıb. Bu obyektdə indiyə kimi 29 min kv/saat enerji istehsal olunub. İstehsal olunan enerjini tibb məntəqəsi qəbul edir. İstifadə edilməyən artıq enerji isə şəbəkəyə ötürülür”.

Mikayıl Rəsulovun sözlərinə görə, tibb məntəqəsində günəş panelləri ilə yanaşı istilik nasosları da quraşdırılıb və sözügedən nasoslar müəssisənin qış aylarında qızdırılmasında istifadə olunur: “Burada istilik nasosları da quraşdırmışıq. İstilik nasosları istənilən vaxt, əsəsən də qış aylarında təcili tibbi yardım məntəqəsini həm isti su ilə, həm də istiliklə təmin edir. Bütün bu proseslər alternativ enerji hesabına həyata keçirilir”.

Qurum rəsmisi deyir ki, yaxın vaxtlarda icrasına başlanılacaq “1 Ev - 1 Stansiya” layihəsi ilə vətəndaşların günəş panelləri də daxil olmaqla bütün alternativ enerji qurğularını əldə edib quraşdırması işi daha da sadələşəcək: “Alternativ enerji qurğularının çoxalması, onun inkişafı məqsədilə müxtəlif layihələr hazırlamışıq. Vətəndaşların və sahibkarların fərdi olaraq öz evində, öz sahəsində günəş panellərini quraşdırıb istifadə etməsi üçün “1 Ev - 1 Stansiya” layihəsi hazırlanıb. Müvafiq təşkilatlarda bu layihənin təqdimatı keçirilib. Gələcəkdə bu işlərin icrasına başlanılacaq”.

Qeyd edək ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikası da elektrik enerjisinə olan tələbatını “Azalternativenerji” MMC tərəfindən quraşdırılan çoxsaylı günəş panelləri hesabına ödəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR