Qaz, neft və inşaat şirkətləri, Yunanıstanın tədqiqat qurumları və xarici tərəfdaşlar "White Dragon" ("Ağ Əjdaha") layihəsinin inkişafına dair güclərini birləşdiriblər. Qiymətləndirmələrə əsasən, yaşıl hidrogen layihəsinin dəyəri 2,5 mlrd. avro təşkil edəcək, lakin bu göstərici 4 mlrd. avroyadək arta bilər.
"APA-Economics"in Avropa mətbuatına istinadən verdiyi məlumata görə, mayın 7-dək Avropa Komissiyası Avropa Təmiz Hidrogen İttifaqının üzvlərindən bərpa olunan və az karbonlu hidrogen texnologiyaları üzrə təklifləri qəbul edəcək. Bu, yunan şirkətləri və onların tərəfdaşları üçün "White Dragon" layihəsini inkişaf etdirmək üçün bir fürsətdir. Koalisiya layihənin "Hydrogen Europe" proqramı kontekstində Avropa əhəmiyyətli layihə statusunu almaq üçün artıq müraciət edib.
Məlumata görə, layihə 1,5 QVt gücündə fotoelektrik panelləri quraşdırılmaqla günəş enerjisindən hidrogenin istehsal edilməsini nəzərdə tutur.
Qeyd edilir ki, "White Dragon" mərkəzi istilik sisteminin və iritutumlu avtomobillərin (avtobus və yük avtomobilləri) yanacaqla təmin edilməsi ilə yanaşı, hidrogenin Trans-Adriatik Boru Kəməri (TAP) ilə də ixracını nəzərdə tutur.
Xatırladaq ki, öncə TAP-ın xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirmişdir ki, Azərbaycan qazının Avropaya nəql edən TAP konsorsiumu təbii qaz və hidrogen qarışığının daşınmasının texniki cəhətdən mümkünlük dərəcəsini qiymətləndirir. Hidrogen karbonlaşma cəhətdən neytral gələcəyə nail olmaq istiqamətində vacib bir elementdir və konsorsium bu məsələni aktiv şəkildə izləyir. Xüsusilə kəmərin genişləndirilməsi məsələsi nəzərə alınaraq, hidrogenə olan potensial tələbatı və yeni avadanlığın layihələndirilməsi cəhətdən müvafiq göstəriciləri nəzərə alınması vacib sayılır.
Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.