ABŞ-ın sabiq naziri neft qiymətlərinin 100 dolları aşacağını istisna etmir

Den Bruyett

© APA | Den Bruyett

# 06 iyul 2021 17:05 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri xammal istehsalının məhdudlaşdırılmasına dair razılaşma üzrə hər hansı konsensusa gələ bilmədiyindən, neftin bir barelinin qiyməti 100 ABŞ dolları həddini keçə və hətta ondan da yuxarı göstəriciyədək arta bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu 2019-2021-ci illərdə ABŞ-ın enerji naziri vəzifəsində çalışan Den Bruyett deyib.

Eyni zamanda, keçmiş nazir neft qiymətlərinin kəskin enməsini də istisna etməyib. Onun fikrincə, tərəflər istehsalla bağlı bir razılığa gəlmədiyi və hər ölkə hasilat həcmlərini özü müəyyən edəcəyi təqdirdə neft qiymətləri çökə bilər.

Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.

Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR