Abşeron Yarımadasının Dayazsulu Hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb

Abşeron Yarımadasının Dayazsulu Hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb
# 18 avqust 2021 12:21 (UTC +04:00)

Bu il avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb.

APA-Economics”in SOCAR və BP-nin birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bundan əvvəl bu quyunun qazılmasını həyata keçirən “Satti” özüqalxan qazma qurğusu 9 avqust tarixində təhlükəsiz şəkildə dənizə yola salınıb.

Məlumata görə, bu quyu həmin müqavilə sahəsində qazılacaq ilk quyudur. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır və qazma işlərinin təxminən iki ay yarım davam edəcəyi gözlənilir. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

BP AYDH layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 50% iştirak payına malikdir, digər 50% iştirak payı isə SOCAR-a məxsusdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, BP Azərbaycan və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə AYDH sahəsində qazma əməliyyatlarına başlamaqlarından məmnun olduqlarını bildirib: "Dünyanın müxtəlif yerlərindəki dayazsulu sahələrdə əldə etdiyimiz təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq. AYDH sahəsindəki ilk kəşfiyyat quyusunun təhlükəsiz və səmərəli şəkildə qazılması üçün SOCAR ilə sıx əməkdaşlıqda işləməyə davam edəcəyik”.

“Satti” özüqalxan qazma qurğusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə edilir. Qurğunun AYDH layihəsi üçün işləməsi haqqında müqavilə 2021-ci ilin iyun ayında imzalanıb.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb. Bu HPBS 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. Kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2000-5000 metr arasındadır. Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib. Kontrakt sahəsindən əldə edilmiş 3D məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. BP bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılmasını planlaşdırır.

AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib. 2021-ci ilin iyul ayında ikinci quyu üzrə ƏMSSTQ sənədinin layihə versiyası ictimaiyyətə açıqlanıb. Hazırda davam edən müzakirələrin 30 avqust 2021-ci il tarixində başa çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR