Azərbaycan bu il Avropaya 2,8 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan bu il Avropaya 2,8 mlrd. kubmetr qaz ixrac edib
# 24 iyun 2021 15:06 (UTC +04:00)

Bu il Trans-Anadolu kəməri (TANAP) vasitəsi ilə Türkiyə istehlakçılarına 2,5 mlrd. kubmetr qaz nəql edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, cari ildə Avropa istehlakçılarına isə Trans-Adriatik boru kəməri ilə (TAP) ilə 2,8 mlrd. kubmetr qaz ixrac edilib.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR