Azərbaycan "OPEC+" üzrə neft hasilatının artırılması qərarını dəstəkləyib

Azərbaycan "OPEC+" üzrə neft hasilatının artırılması qərarını dəstəkləyib
# 04 oktyabr 2021 18:21 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR