Azərbaycanda daha bir sənaye zonası açılacaq

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 23 sentyabr 2021 12:40 (UTC +04:00)

Növbəti həftələrdə Azərbaycanda daha bir ixtisaslaşmış sənaye zonasının açılışı gözlənilir.

"APA-Economics" xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, iqtisadi zonalar bizneslərə dəstək verməyə hazırdır.

"Bu gün ölkənin qeyri-neft ixracının müəyyən faizi xüsusi sənaye zonalarının payına düşür. Bu rəqəm sürətli şəkildə artır. Bu gün ölkənin qeyri-neft sektorunun artım dərəcəsi təqribən 51%-ə yaxındır", - deyə M. Cabbarov qeyd edib.

Ələt İqtisadi Zonasının yaradılmasından danışan nazir əlavə edib ki, bu layihənin 2022-ci ilədək investorlara açıq olacağı gözlənilir.

Xatırladaq ki, hazırda Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, həmçinin Hacıqabul, Neftçala və Masallıda sənaye məhəlləsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR