Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hüquq və vəzifələr müəyyənləşir

Milli Məclis

© APA | Milli Məclis

# 17 may 2021 11:22 (UTC +04:00)

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hüquq və vəzifələr müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 19 may tarixli iclasında müzakirəyə çıxarılacaq “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, istehsalçıların hüquq və vəzifələri aşağıdakılardır:

İstehsalçılar aşağıdakı hüquqlara malikdirlər:

- bu Qanunla müəyyən edilmiş hallarda dəstək mexanizmlərindən istifadə etmək;

- istehsal edilmiş elektrik enerjisini satmaq;

- elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək;

- bu Qanunla müəyyən edilmiş digər hüquqlar.

İstehsalçıların aşağıdakı vəzifələri vardır:

- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mütərəqqi texnologiyadan istifadə etmək;

- elektrik şəbəkəsinə qoşulma xərclərini ödəmək;

- bu Qanunla müəyyən edilmiş digər vəzifələr.

İstehsalçılar (gücü 10 MVt-dan çox olan su elektrik stansiyaları istisna olmaqla) balanslaşdırma məsuliyyətindən azaddırlar.

İstehsalçılar yalnız öz razılıqları ilə balanslaşdırmaya cəlb oluna bilərlər və bundan irəli gələrək balanslaşdırma məsuliyyətini daşıyırlar.

Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri

Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı hüquqları vardır:

- texniki normativ hüquqi aktlara və elektirik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq elektrik stansiyalarının qoşulması və elektrik enerjisinin ölçülməsi sxemlərini təftiş etmək;

- qoşulmaya dair texniki tələblərin pozulduğu, elektrik enerjisi sistemində fövqəladə hallar baş verdiyi və ya fövqəladə halların başvermə təhlükəsi yarandığı hallarda elektrik stansiyalarını ayırmaq və ya elektrik enerjisinin istehsalının məhdudlaşdırılmasını tələb etmək;

- elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq, istehsalçıdan istehsal həcmlərinə dair proqnozlar almaq;

- bu Qanunla müəyyən edilmiş digər hüquqlar.

Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı vəzifələri vardır:

- elektrik stansiyalarını şəbəkədə ən yaxın və ən əlverişli nöqtəyə qoşmaq;

- bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisini şəbəkəsi vasitəsilə ötürmək və paylamaq;

- elektrik stansiyalarının qoşulması məqsədilə şəbəkəni müasirləşdirmək və genişləndirmək üçün tədbirlər görmək;

- bu Qanunla müəyyən edilmiş digər vəzifələr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR