Bolqarıstan Azərbaycan qazının tədarükünü artırmaqda maraqlıdır

Bolqarıstan Azərbaycan qazının tədarükünü artırmaqda maraqlıdır
# 02 sentyabr 2021 17:51 (UTC +04:00)

Bolqarıstanın "Bulgargaz" şirkəti Azərbaycan tərəfi ilə qazın alternativ marşrutla nəqlinin davam etdirilməsi ilə bağlı danışıqlara başlayıb.

"APA-Economics"in "Bulgargaz"a istinadən verdiyi məlumata görə, əldə edilən ilkin razılığa əsasən, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir. Lakin razılaşmanın vaxtı bu ilin sentyabrın sonunda bitir.

Məlumata görə, IGB-nin istifadəyə verilməsi vaxtı daha da gecikdiyindən (sonuncu məlumata görə, kəmərin istifadəyə verilməsi tarixi 01.07.2022 il tarixinədək uzadılıb) "Bulgargaz" Azərbaycan tərəfi ilə həcmləri artırmaqla alternativ marşrutla qazın nəqli üzrə razılaşmanın müddətini gələn ilin iyulun əvvəlinədək uzadılması ilə bağlı danışıqlara başlayıb.

"Müvəqqəti marşrut üzrə tədarükün razılaşdırılması təchizatçının imkanlarından asılıdır, bundan başqa, "Bulgargaz" həm şirkətin, həm də istehlakçıların alternativ marşrutdan istifadə risklərini nəzərə alır", - məlumatda deyilir.

Qeyd olunur ki, "Bulgargaz" alternativ şəbəkə üzrə nəqletmə həcmlərini hərracda əldə edib və müəyyən şəraitdə Yunanıstan operatoru Bolqarıstana qazın ötürülməsini məsuliyyət daşımadan dayandıra bilər. Belə halda, "Bulgargaz" istifadə edə bilməyəcəyi nəqletmə güclərinə və qaz həcmlərinə görə ödəməli olacaq vəziyyətlə üzləşə bilər. Ona görə də, Azərbaycandan tədarükün lazımi təhlükəsizliyi yalnız IGB qaz kəməri ilə təmin edilə bilər.

Xatırladaq ki, alternativ marşrutla Bolqarıstan bu ilin sentyabr ayının sonunadək Azərbaycandan 225 mln. kubmetrə yaxın təbii qaz alacaq.

Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.

Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR