Britaniyanın İxracat naziri Azərbaycana gəlir

Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart

© APA | Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart

# 20 may 2021 00:00 (UTC +04:00)

Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart Azərbaycana səfərə gəlir.

APA-nın Britaniyanın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi xəbərə görə, üçgünlük səfərə gələn nazir Britaniya və Azərbaycan birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak edəcək.

Mayın 20-dən etibarən başlayacaq səfərdə bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Britaniyanın dəstəyi vurğulanacaq.

Nazir Stuart, Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini, habelə Britaniyanın maliyyə, təhsil, İKT, səhiyyə və yaradıcılıq sektorlarında iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycana göstərəcəyi dəstəyi müzakirə ediləcək.

Britaniyalı nazir Bakıda keçirəcəyi yüksək vəzifəli rəsmilərlə görüşləri çərçivəsində cari ilin noyabr ayında Qlazqoda keçiriləcək “COP26” İqlim Dəyişikliyi Konfransı ərəfəsində tullantıların azaldılması hədəfi sahəsində Azərbaycanın daha iddialı və “net zero” planını qəbul etmək üçün Britaniyaya qoşulmağa təşviq edəcək.

Nazir, həmçinin, iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, habelə Ekologiya və Təbii Sərvətlər nazirləri ilə görüşlər keçirəcək.

Qraham Stuart Azərbaycanda yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında da ştirak edəcək.

Səfirliyin verdiyi məlumata görə, onun Təhsil naziri ilə də görüşü planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR