BVF Azərbaycanın neft-qaz hasilatı və ixrac həcmləri üzrə proqnozlarını sabit saxlayıb

BVF Azərbaycanın neft-qaz hasilatı və ixrac həcmləri üzrə proqnozlarını sabit saxlayıb
# 19 oktyabr 2021 16:52 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) özünün Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında Azərbaycan neft-qaz hasilatı və ixracı üzrə proqnozlarını hesabatın aprel buraxılışı ilə müqayisədə dəyişməz saxlayıb.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, bu il ölkədə gündəlik xam neft hasilatı 680 min barel, 2022-ci ildə isə 660 min barel təşkil edəcək. Təbii qaza gəldikdə isə bu il Azərbaycanda gündəlik təbii qaz hasilatının həcmi neft bareli ekvivalentində 670 min barel və ya 110,04 mln. kubmetr, 2022-ci ildə isə 710 min barel və ya 116,61 mln. kubmetr təşkil edəcək.

İxraca gəldikdə, BVF bu il Azərbaycanın gündəlik xam neft ixracının 540 min barel, gələn il isə 500 min barel təşkil edəcəyi güman edir. Bununla yanaşı, Azərbaycanın bu il gündəlik təbii qaz ixracının neft bareli ekvivalentində 320 min barel və ya 52,6 mln. kubmetr təşkil edəcəyi, 2022-ci ildə isə 360 min barel və ya 59,1 mln. kubmetrə çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə 37,14 mlrd. kubmetr və ya gündəlik olaraq 101,83 mln. kubmetr təbii qaz hasil edib. Cari ilin yanvar-sentyabr aylarında isə qaz hasilatı 31,69 mlrd. kubmetr təşkil edib.

2020-ci il ərzində Azərbaycanda gündəlik 710 min ton xam neft hasil edilib. 2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR