Əl-Məzrui: "OPEC+" olmasaydı, neft indikindən üç dəfə baha ola bilərdi

Süheyl Məhəmməd əl-Məzrui

© APA | Süheyl Məhəmməd əl-Məzrui

# 08 noyabr 2021 13:00 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) olmasaydı, hazırda neftin qiyməti üç dəfə yüksək olar bilərdi.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui deyib.

Nazirin bunu ABŞ tərəfindən istehsalın artırması üçün "OPEC+" ölkələrinə göstərilən təzyiqə cavab olaraq dediyi istisna edilmir.

Afrika Neft Həftəsi konfransında çıxış edən əl-Məzrui qeyd edib ki, "OPEC+" olmasa idi, neft bazarında da qaz və kömür bazarlarındakı situasiya müşahidə olunacaqdı. Nazir əlavə edib ki, "OPEC+" ehtiyatlı olmalıdır, belə ki, gələn ilin I rübündə neft bazarı profisitə keçəcək və bəzi ölkələrdə hələ də COVID-19-a yoluxmaların artımı müşahidə olunur. Profisitin səbəbini isə nazir tələbin yumşalmasında görür.

Əl-Məzrui öz çıxışında yüksək qaz qiymətlərinə toxunaraq bildirib ki, yüksək qaz və kömür qiymətləri "yaşıl" enerjiyə keçidin tempinə təsir edir.

Xatırladaq ki, noyabrın 4-də "OPEC+" ölkələri nazirlərinin baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.

"Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edəcək və ölkə gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlamaq imkanı əldə edib. "OPEC+" ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR