Enerji resurslarından istifadəyə dair yeni qanun layihəsi MM-in iclasına tövsiyə edilib

MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası

© APA | MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası

# 18 iyun 2021 18:26 (UTC +04:00)

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi birinci oxunuşda daxil edilib.

Qeyd edilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

Qanun layihəsi barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib. Diqqətə çatdırılıb ki, qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

8 fəsil, 23 maddədən ibarət olan sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Məşhur Məmmədov, Nəsib Məhəməliyev, İltizam Yusifov, Fatma Yıldırım, Naqif Həmzəyev qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini söyləyiblər.

İclasda iştirak edən energetika nazirinin müavini Samir Vəliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Nüsrət Əliyev, Azərenerji ASC-nin Aparat rəhbəri Vüqar Əliyev və digər mütəxəssislər qanun layihəsinin əhəmiyyəti barədə danışıblar, enerji resurslarının istehsalı və istehlakı sahəsində effektivliyin artırılması, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı məsələlərdən bəhs ediblər. Bildirilib ki, müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə həyata keçirilən islahatlar çərçivəsində önəmli rol oynayacaq.

İclasda komitə üzvləri Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin iştirak ediblər.

Tədbirin sonunda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR