Rusiya benzin ixracına qadağa qoya bilər

Rusiya benzin ixracına qadağa qoya bilər
# 23 iyun 2021 13:28 (UTC +04:00)

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Energetika Nazirliyinə ölkədən benzin ixracına qadağa qoymağın mümkünlüyünün araşdırılmasına dair tapşırıq verib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Baş nazirin müavini bazardakı vəziyyəti nəzərə alaraq Energetika Nazirliyinə benzinin ixracına müvəqqəti qadağa qoyulmasının məqsədəuyğunluğunu nəzərdən keçirməli, həmçinin pərakəndə satış bazarının zəruri marginallığını təmin edən regional topdansatış qiymətlərinin maksimum göstəricilərini müəyyənləşdirmək üçün neft şirkətləri ilə müqavilələr bağlamağın zəruriliyini araşdırmalı olduqlarını bildirib.

A. Novaka görə, Rusiyanın yanacaq bazarındakı mövcud vəziyyət dünya bazarlarının konyunkturası, xüsusən də artan neft qiymətlərinin təsiri altındadır: "Bununla birlikdə, yanacaqdoldurma məntəqələrində qiymətlər inflyasiya çərçivəsində dəyişir, şirkətlər öhdəliklərini yerinə yetirirlər. Eyni zamanda, vəziyyət hələ tam sabitləşməyib".

Qeyd edək ki, sözügedən potensial qadağa Azərbaycana da təsir edə bilər. Belə ki, ötən il Azərbaycan xaricdən 70,510 mln. dollarlıq 115 607,88 ton benzin idxal edib, onun da 53,3%-i Rusiyadan gətirilib.

Ən son statistik göstəricilərə gəldikdə, cari ilin yanvar-aprel aylarında Rusiya Azərbaycana yalnız "Aİ-95" ("Premium") markalı avtomobil benzini ixrac edib və bu benzinin ölkəyə əsas tədarükçüsü olub. Belə ki, hesabat dövründə Rusiyadan Azərbaycana 26,145 mln. dəyərində 39 021,12 ton "Premium" benzin gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 83,5%, dəyər ifadəsində isə 73,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR