"Saxo Bank": Sərt qış fonunda enerji böhranı pik həddə çata bilər

"Saxo Bank": Sərt qış fonunda enerji böhranı pik həddə çata bilər
# 02 dekabr 2021 10:53 (UTC +04:00)

Soyuq qış proqnozları özünü doğrultsa, qaz və neft qiymətləri bu qış yeni pik hədlərə çata bilər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Saxo Bank"ın investisiyalar üzrə direktoru Stin Yakobsen (Steen Jacobsen) bildirib.

Belə olan halda dünyada enerji böhranı pik həddinə çatacaq.

"Düşünürəm ki, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik. 1973-cü ildən bəri belə bir şey görməmişik. Lakin bu il, bu qış biz enerji böhranının pik nöqtəsini görəcəyik", - enerji böhranı ilə bağlı sualı cavablandırarkən Yakobsen bildirib.

O, bunun fonunda neftin də bahalaşacağını düşünür: "2022-ci ilin I rübündə neftin qiymətinin 100 dollardan yuxarı olduğunu görsək, təəccüblənmərəm".

Eyni zamanda, Yakobsen hesab edir ki, pik həddi keçdikdən sonra enerji böhranı 2022-ci ildə başa çatacaq.

"Təbii ki, mən meteoroloq deyiləm, lakin atmosferin yuxarı təbəqələrinin soyuma sürəti ilə bağlı əsas uzunmüddətli proqnozlara nəzər salsaq, qışın çox soyuq keçəcəyi ehtimalı olduqca yüksəkdir. Bunu, eşitdiyim meteoroloji araşdırmalara əsasən deyirəm. Belə olan halda təbii qaz, neft və LNG qiymətləri artacaq, çünki ehtiyat həcmlərinin səviyyəsi aşağıdır. Bu, bir növ ideal fırtınadır. Yəni ehtiyat həcmləri azdır və havalar da soyuqdur, bununla belə, qiymətlər də yüksəkdir. Onlar hara gedə bilər? Təbii ki, daha yuxarı", - S. Yakobsen bildirib.

"Saxo Bank" ekspertlərinin fikrincə, qazın qiymətinin dəyişkənliyindəki mövcud pauza müvəqqəti xarakter daşıyır.

"Biz həm Asiyada, həm də Amerika və Avropada bahalaşma perspektivini görürük", - deyə o, yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR