Son 10 ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 27,6%, istehlakı isə 37,8% artıb

Son 10 ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 27,6%, istehlakı isə 37,8% artıb
# 10 iyun 2021 14:21 (UTC +04:00)

Son 10 ildə yeni sənaye sahələrinin yaradılması hesabına Azərbaycanda elektrik enerjisi istehsalı 27,6%, istehlak isə 37,8% artıb.

"APA-Economics"in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın sədrliyi ilə video-konfrans formatında təşkil olunan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Enerji Sektoru Koordinasiya Komitəsinin 31-ci iclasında çıxış edən Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev deyib.

O bildirib ki, elektroenergetika sisteminə yatırılan investisiyalar və modernləşdirmə tədbirləri nəticəsində son 10 ildə elektrik enerjisinin səmərəliliyi və keyfiyyəti kifayət qədər yüksəldilib, itkilərin səviyyəsi azaldılıb: "Elektrik enerjisi istehsalı və paylanmasında itkilər 22,4%-dən 9,4%-ə, 1 kVt-saat elektrik enerjisi istehsalına sərf olunan yanacaq istehlakı isə 319 qramdan 264 qramadək azalıb".

Nazir müavini onu da qeyd edib ki, ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri olan enerji təhlükəsizliyini təmin etmək üçün görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi mövqeyini möhkəmləndirib: "Qonşu ölkələrlə uğurlu əlaqələrin inkişaf etdirilməsi nəticəsində 2010-cu illə müqayisədə 2020-ci ildə elektrik enerjisi ixracı 380 mln kVt-saatdan 1,151 mlrd. kVt-saatadək yüksəlib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR