“Ümid” qaz-kondensat yatağında yeni quyu istismara verilib

“Ümid” qaz-kondensat yatağında yeni quyu istismara verilib
# 20 avqust 2021 15:56 (UTC +04:00)

SOCAR “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işlərini 6120 metr dərinlikdə uğurla başa çatdırıb, məhsuldar qatın Vll horizontu tam açılıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılıb, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. kubmetrdən pilləli şəkildə 3.0 mln. kubmetrə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunub.

Hasilat potensialının artırılması ilə yanaşı, təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilib. “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişib. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları Halliburton, Schlumberger, SOCAR-AQŞ, Baker Hughes, Azəri-Mİ və s. kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirilib.

U1-18 saylı quyuda baş verən prosesləri izləmək məqsədilə 5044 metr dərinlikdə stasionar quyudibi manometr yerləşdirilib. Mütəmadi ölçülən təzyiq və temperaturu yer səthinə ötürməklə quyunun ilkin hasilata verilməsi, optimal rejimin seçilməsi və fasiləsizliyinin təmin edilməsi, həmçinin lay proseslərinin analiz edilməsi üçün əvəzsiz rol oynayan bu cihazla yanaşı, 18 saylı istismar quyusunda ilk dəfə “Telecoil” texnologiyasının da tətbiqi həyata keçirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, ölkənin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır: “Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilib və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olub. Bununla da neftçilər Prezident İlham Əliyev cənablarının qarşımıza qoyduğu daha bir məqsədə nail olublar”.

Hazırda “Umid-1” platformasında gündəlik 3,1 mln kubmetr qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6,7 mln. kubmetr qaz və 950 ton kondensata kimi artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR