Azərbaycan paytaxtında «Bakı Türk İxracat Məhsulları Sərgisi» keçirilir

Azərbaycan paytaxtında «Bakı Türk İxracat Məhsulları Sərgisi» keçirilir
# 06 sentyabr 2011 08:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu gün «Baku Expo Center» Beynəlxalq Sərgi Mərkəzində «Bakı Türk İxracat Məhsulları Sərgisi» işə başlayıb.

«APA-ECONOMICS»in məlumatına görə, sentyabrın 8-dək davam edəcək sərginin təşkilatçısı indiyədək Azərbaycanda bir neçə sərgi keçirmiş Türkiyənin «Meridyen Uluslararası Fuarçılıq» şirkətidir.

Sərginin açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç tədbir iştirakçılarını salamlayıb. O, sərginin açılışını mühüm hadisə adlandırıb və bu tədbirin iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcəyini bildirib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Zaur Qasımov və Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev sərginin Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə böyük töhfə verəcəyini, işgüzar əlaqələri gücləndirəcəyini vurğulayıblar.

Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd Türkiyənin digər ölkələrlə, o cümlədən Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsidir. Sərgidə inşaat, mebel və emal sənayesi, qida, tekstil, məişət texnikası, kimya sənayesi, kosmetika və hazır geyim kimi müxtəlif sahələri əhatə edən 50-dən çox türk şirkətinin iştirakı gözlənilir. «Bakı Türk İxracat Məhsulları Sərgisi» saat 10:00-dan 18:00-dək ziyarətçilərə açıq olacaq.

Xatırladaq ki, «Meridyen Uluslararası Fuarçılıq» şirkəti indiyədək Azərbaycanda böyük marağa səbəb olan «İstanbul Fashion Show» və «Türk İnşaat və Makina» sərgilərini təşkil edib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR