Gələn ay Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Gələn ay Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək
# 15 sentyabr 2011 10:59 (UTC +04:00)
Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin təşkilatçıları «Iteca Caspian» və onun tərəfdaşı «ITE Group» şirkətləridir.

«Iteca Caspian» şirkətinin reklam meneceri Mehriban Baxşıyeva «APA-Economics»ə açıqlamasında bildirib ki, bu il sərgidə 15 ölkədən 100-dən çox təhsil müəssisəsi iştirak edəcək. Sərgi çərçivəsində əsas diqqət yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulmuş «ali təhsil» və «dil bacarıqlarının təkmilləşdirilməsi» sektorlarına yönəldiləcək. Universitet proqramlarının müxtəlifliyi, bakalavr, magistr, MBA və PHD dərəcələrinə yiyələnmək imkanı, eləcə də «summer schools» adlanan yay məktəbləri və xarici dil kursları sərgi ekspozisiyasının əsasını təşkil edəcək.

Son illərin sərgiləri onunla fərqlənir ki, milli qruplar bu layihəyə daha böyük maraq göstərir. Belə ki, bu il Türkiyə pavilyonu 20 ali məktəbi təqdim edəcək. Litva milli qrupu isə 11 universitet ilə çıxış edəcək. Eyni zamanda, builki sərgidə Şimali Kipr ali məktəblərinin tam heyətlə iştirakı gözlənilir. Sərgidə həmçinin Belarus, Böyük Britaniya və Ukrayna milli qrupları, habelə BƏƏ, Kanada və İsveçrənin təhsil müəssisələri də iştirak edəcək. Yerli iştirakçılara gəlincə, bu il sərginin daimi iştirakçıları öz stendlərinin ərazisini artırıb və əsasən xaricdə təhsil sektorunu təqdim edəcək.

M.Baxşıyeva qeyd edib ki, bu il sərgi beş illik yubileyini qeyd edir və bununla əlaqədar xüsusi işgüzar proqram tərtib olunub: «Bu proqram tələbələr və gənc mütəxəssislər üçün karyera quruculuğu üzrə seminar və master-klas, habelə müxtəlif təhsil müəssisələri tərəfindən təqdimatların və bir çox digər tədbirlərin keçirilməsini ehtiva edir».

«Fürsətdən istifadə edərək Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin təşkilatçıları bütün məktəbliləri, onların valideynləri, müəllimləri və tələbələri Bilik Günü və yeni tədris ilinin başlaması münasibəti ilə təbrik edir. Qoy bütün tədris ili hamı üçün uğurlu olsun! Hamıya möhkəm can sağlığı, əmin-amanlıq, yeni uğurlar və bol-bol nailiyyətlər arzulayırıq və «Təhsil və Karyera» sərgisinə dəvət edirik», - deyə M.Baxşıyeva bildirib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR