Bu il Bakıda 23 beynəlxalq sərgi və konfrans keçiriləcək

Bu il Bakıda 23 beynəlxalq sərgi və konfrans keçiriləcək
# 07 mart 2012 10:15 (UTC +04:00)
«Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, sərgi mövsümü aprel ayında start götürəcək. Yaz-yay sərgi mövsümünün ilk tədbiri aprelin 12-14-də keçiriləcək ki, bu da XI Azərbaycan beynəlxalq «Turizm və səyahətlər» (AITF) sərgisi olacaq. Bu sərgidə 200-dən yuxarı şirkətin iştirakı gözlənilir və burada şirkətlər 60-dan çox turizm istiqamətini təqdim edəcək. Sərgidə həmçinin Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcək.
Tədbir çərçivəsində Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq. AITF sərgisi ilə bir meydançada yerləşəcək VI Qafqaz beynəlxalq «Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar» («Horex-2012») sərgisində Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransanın hotel sənayesinin məşhur brendləri və digər şirkətlər təqdim olunacaq.

May ayının 15-17-də isə Xəzəryanı regionda qida sənayesinin ən böyük beynəlxalq sərgisi olan «WorldFood Azerbaijan» artıq 18-ci dəfə yerli və xarici istehsalçı və distribütorların liderlərini öz meydançasında toplayacaq. Bu il Azərbaycan, Belçika, Çexiya, Hindistan, Norveç, Rusiya, Türkiyə, Qazaxıstan və Misirdən olan şirkət və təşkilatlar öz məhsullarını nümayiş etdirəcək. Bu sərgi ilə paralel VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı «Agrihort Azerbaijan 2012» sərgisi və II Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk («Plastex Caspian») sərgisi keçiriləcək. Bundan əlavə, həmin tarixlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya («Ipack Caspian») sərgisinin də debütü baş tutacaq.

Növbəti tədbir iyun ayının 5-8-nə təsadüf edəcək ki, bu da hər il dünya energetika cəmiyyətinin diqqətini cəlb edən XIX Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası («Caspian Oil & Gas») sərgisidir. Bu il regionun neft-qaz sahəsinin ən böyük hadisəsi dünyanın 25 ölkəsini təmsil edən 300-dən yuxarı şirkəti bir araya gətirəcək. Onların arasında neft və qaz sahələrinin əsas iştirakçıları, ekoloqlar, həmçinin elm xadimləri olacaq. Hər il sərginin işini müşayiət edən ənənəvi «Caspian Oil & Gas» konfransı isə iyunun 6-7-də keçiriləcək. Bu il konfransda 500-dən yuxarı nümayəndənin iştirakı gözlənilir.

Ötən il uğurlu debütü olmuş II Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji («Caspian Power 2012») sərgisi iyunun 5-8-də keçiriləcək və energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerjinin səmərəliliyi, kabel-keçirici məhsullar və işıqlandırma kimi sahələri, habelə geniş çeşiddə avadanlıq və xidmətləri təqdim edəcək.

İyunun 13-15-də keçiriləcək XI Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika («TransCaspian-2012») və II Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat («Road & Traffic-2012») sərgiləri isə sərgi mövsümünün ilk yarısını başa vuracaq. «TransCaspian» sərgisi hər il ən iri yükdaşıma şirkətlərini, ekspeditorları, dəmir yolları və liman operatorlarını, sığorta şirkətlərinin mütəxəssislərini, yükləmə-boşaltma avadanlıqları istehsalçılarını, habelə gömrük xidmətləri və terminalların rəhbərlərini öz meydançasına toplayaraq, yeni şirkətlər üçün Avropa və Asiyanı birləşdirən körpü kimi özünə nüfuz qazanacaq. «Road & Traffic-2012» sərgisi isə əsasən yol tikintisi sahəsində əldə olunmuş son nailiyyətləri, yol hərəkətinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiqini və şəhər nəqliyyatının yeni növlərinin istifadəsini işıqlandıracaq. Sərgilərin işgüzar proqramının əsas hadisəsi iyunun 14-də keçiriləcək «Dəniz limanları və su daşımaları» – II Beynəlxalq Nəqliyyat Konfransıdır. Sözügedən konfrans bütöv bir sahənin görüş yeri olacaq və qarşılıqlı əlaqələrin, habelə gələcək əməkdaşlığın özünəməxsus «katalizatoruna» çevriləcək.

Sərgi mövsümünün sentyabr ayında start götürəcək ikinci yarımilliyində isə «Education and Career», «BIHE», «Beauty Azerbaijan», «BakuBuild», «Aqua-Therm Baku», «Caspian MebelExpo», «CaspianRealty», «CIPS Caspian» və «BakuTel» kimi ənənəvi sərgilər keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR