Sabah Bakıda beynəlxalq inşaat sərgisi başlayacaq - FOTO

Sabah Bakıda beynəlxalq inşaat sərgisi başlayacaq - <font color=red>FOTO</font>
# 16 oktyabr 2012 12:07 (UTC +04:00)
Sabahdan başlayaraq keçiriləcək Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan «BakuBuild-2012» sərgisinə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən rəsmi dəstək verilir. Böyük Britaniyanın «ITE Group Plc.» şirkəti və onun tərəfdaşı «Iteca Caspian LLC» şirkəti isə sərginin əsas təşkilatçılarıdır.

«APA-Economicsin məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında «ITE Group» şirkətinin icraçı direktoru Edvard Strun (Edvard Stroon) bildirib ki, Xəzər İnşaat Həftəsi ilk dəfə keçirilir və Bakı Ekspo Mərkəzinin üç zalını, həmçinin dəhliz və yeni xarici meydançasını əhatə edir, bu da sərgi sahəsinin 20% artdığını göstərir.

E.Strunun sözlərinə görə, «BakuBuild-2012» sərgisində 31 ölkədən 455 şirkət iştirak edəcək: «Sərgi iştirakçılarının 60%-i daimi eksponentlərdir və artıq bir neçə ildir ki, onlar öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün sərgidən səmərəli platforma kimi istifadə edir. Sərginin ənənələrindən biri də kollektiv stendlərin fəal iştirakıdır. Belə ki, «BakuBuild-2012» sərgisində 7 kollektiv ekspozisiya iştirak edir və onlar arasında sərginin daim iştirakçıları – Finlandiya, Almaniya, İspaniya, İtaliya, İran və Portuqaliya milli qrupları var. Bu il yunan milli qrupu sərgidə ilk dəfə olaraq iştirak edir. Bu qrupun iştirakı Yunanıstanın HEPO Sənaye-Ticarət Palatasının dəstəyi ilə təşkil olunub».

E.Strun bildirib ki, sərgidə ən böyük sahələri əvvəlcədən ehtiyatda saxlamaqla, türk istehsalçıları əvvəlki kimi Azərbaycan bazarına böyük maraq göstərir: «Çin şirkətləri tərəfindən də tutulan meydançaların sayı artıb. Yerli iştirakçıların da sayı ildən ilə artır. Belə ki, bu il iştirakçıların 35%-i yerli şirkətlərdir. Həmçinin, hər il eksponentlərin tərkibi yeni iştirakçılarla daha da zənginləşir. Bu il sərgi eksponentlərinin 30%-i debütant iştirakçılardan ibarətdir».

Sərginin layihə rəhbəri xanım Samirə Teymurovanın sözlərinə görə, «BakuBuild-2012» sərgisi ilə paralel olaraq IV Beynəlxalq İstilik, Havalandırma və Konsidisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji («Aqua-Therm Baku-2012») sərgisi və V Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Sistemləri («CIPS-2012») sərgisi də keçiriləcək. «Aqua-Therm Baku» sərgisində Azərbaycan, İtaliya, Rusiya və Türkiyənin 78 şirkəti, həmçinin Belçika, Çin, Finlandiya, İsveç, Yaponiya və başqa istehsalçı ölkələrin yerli nümayəndəlikləri iştirak edəcək.

S.Teymurova bildirib ki, «CIPS-2012» sərgisində Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələrin şirkətləri yüksək texnoloji məhsullar, o cümlədən praktik olaraq bütün sahələrdə və təhlükəsizliyin təmin olunması sektorlarında geniş tətbiq olunan avadanlıqların ən yeni nümunələrini təqdim edəcəklər.

Qeyd edək ki, sərgini müşayiət edən ənənəvi işgüzar proqrama təqdimat mərasimləri, seminarlar və ustad dərsləri (master-klass) daxil olacaq. Belə ki, Azərbaycanda yeni Şəhərsalma Məcəlləsinin hazırlanması ilə bağlı «Azərbaycanın yeni şəhərsalma və inşaat məcəlləsi: praktiki tətbiq məsələləri» seminarı keçiriləcək.

Sərgi oktyabrın 20-dək davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR