Azərbaycan növbəti dəfə Moskvada beynəlxalq ərzaq sərgisində iştirak edir - FOTO

Azərbaycan növbəti dəfə Moskvada beynəlxalq ərzaq sərgisində iştirak edir  - FOTO
# 21 sentyabr 2021 17:18 (UTC +04:00)

Rusiyanın paytaxtında “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi fəaliyyətə başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “CROCUS EXPO” sərgi Mərkəzində keçirilən 30 ölkənin təmsil olunduğu beynəlxalq sərgidə Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) təşkilatçılığı ilə ölkəmizin istehsal etdiyi məhsullar vahid ölkə​ stendi altında təqdim olunur.

Sayca 30-cusu təşkil olunan​ “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinə Azərbaycan​ beşinci dəfədir qatılıb. Ölkəmizi təmsil edən 20-dən çox şirkət istehsal etdiyi məhsulları rusiyalı alıcılara təqdim edir. 30 ölkənin 600-dən çox şirkətinin təmsil olunduğu sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunan​ məhsullarımıza maraq olduqca​ böyükdür.

Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsi Ruslan Əliyev Azərbaycandan Rusiyaya ixracın artdığını bildirib: “Biz artıq beşinci dəfədir ki, “Worldfood Moscow” sərgisində iştirak edirik. Pandemiyanın təsirinə baxmayaraq, Azərbaycan bu sərgidə ötən il də iştirak etmişdi. Bu gün isə 20-dən çox Azərbaycan şirkəti sərgiyə müxtəlif məhsullarla qatılıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artmaqda davam edir”.

“Azpromo”nun ictimaiyyətlə əlaqələr departamentinin direktoru Şəbnəm Allahverdiyeva qeyd edib ki, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün önəmli bazardır: “Cari ilin ilk 8 ayında qeyri-neft məhsullarının ixracı 1,58 mlrd. dollar olub ki, bu da 37 faizdən çox artım deməkdir. Bu rəqəmlərin 500 milyon dollardan çox Rusiyanın payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 18 faiz artım deməkdir. “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində iştirak edən şirkətlərin bu ilin ilk 8 ayında Rusiyaya ixracı 20 milyon dolları ötüb. Bu da ümumi ixracın 5 faizini təşkil edir”.

Beynəlxalq ərzaq sərgisinin təşkilatçısı Dmitri Zavqorodniy Rusiyada Azərbaycan məhsullarına tələbatın böyük olduğunu vurğulayıb. O, sərgidə ölkəmizin iştirakını yüksək qiymətləndirib: “Mən ilk növbədə Azərbaycan hökumətinə, ticarət nümayəndəliyinə bizimlə əməkdaşlıq etdiklərinə görə öz təşəkkürümü bildirirəm. 30 illik sərgimizdə artıq beş ildir ki, birlikdə Azərbaycan məhsullarının sərgisini təşkil edirik. Baxmayaraq ki, Rusiya ərazisinə görə böyük dövlətdir, amma kənd təsərrüfatı məhsullarının heç də hamısını istehsal edə bilmir. Azərbaycan bizə Rusiya ərazisində heç cür yetişdirə, istehsal edə bilmədiyimiz məhsulları verir. Buna görə ölkənizə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, sentyabrın 24-dək davam edəcək sərgidə ölkəmizin biznes və investisiya imkanları da təbliğ olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR