Bakıda "RecExpo II" sərgisi keçiriləcək

Bakıda "RecExpo II" sərgisi keçiriləcək
# 20 oktyabr 2016 09:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin noyabr ayının 22-24-də Bakıda Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək.


"APA-Economics"in məlumatına görə, sərgi ilə bağlı keçirilən mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat katibi Qulu Xəlilov qeyd edib ki, Bakı Ekspo Mərkəzində keçiriləcək "RecExpo II" sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və bu sahədə investisiya şirkətlərinin layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. Onun sözlərinə görə, sərgidə Azərbaycan, Türkiyə, BƏƏ, Rusiya, İspaniya, Portuqaliya, Xorvatiya, Macarıstan, Gürcüstandan onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir: "Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda peşəkar bir məkanda toplayacaq. Sərgi çərçivəsində 23 noyabr 2016-cı il tarixində "Daşınmaz əmlak sektorunda investisiyalar" mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub".

Qeyd edək ki, "RecExpo II" sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Mətbuat konfransında bu beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR