Bakıda "Xəzər İnşaat Həftəsi 2016" başlayıb

Bakıda "Xəzər İnşaat Həftəsi 2016" başlayıb
# 19 oktyabr 2016 10:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri olan XXII Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild 2016" sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.

"APA-Economics" xəbər verir ki, "BakuBuild" sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır. “BakuBuild” sərgisi ilə yanaşı, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi start götürüb.

Bu il "BakuBuild" sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunur. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edirlər. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distributor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edir ki, bu da çox sevindirici haldır.

Ənənəvi olaraq, "BakuBuild 2016" sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunur. Bakı Ekspo Mərkəzinin qarşısındakı xarici platformada isə ən yeni inşaat texnikası nümayiş olunur.

“MEBEL” SEKTORU

Builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakıdır. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdirəcəklər.

YENİLİKLƏR

“BakuBuild” sərgisi inşaat sahəsində innovativ məhsul və xidmətlərin ölkə bazarına daxil olması üçün istifadə olunan daimi kanallardan biridir. Azərbaycanda keçirilən bu sərginin iştirakçıları Bakıya həmişə eksklüziv məhsullar gətirməyə çalışır və bu məhsullar daha sonra sifarişçilərə, eləcə də digər ölkələrə çatdırılır. Bu baxımdan, “BakuBuild 2016” sərgisi də istisna deyil, belə ki, bu il bir sıra şirkətlər öz stendlərində yeni məhsullar təqdim edəcəklərini bəyan ediblər.

Beləliklə, “BakuBuild 2016” sərgisi aktual xidmət və məhsulların geniş çeşidinə, tərəfdaşlarla ünsiyyətə və bir sıra digər məsələlərə zəmanət verir.

SƏRGİNİ MÜŞAYİƏT EDƏN TƏDBİRLƏR

“BakuBuild” sərgisinin keçiriləcəyi tarixdə “Four Seasons” otelində İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən xeyriyyə ziyafəti təşkil ediləcək və bu tədbir zamanı xüsusi hərrac təşkil olunacaqdır. Hərracdan əldə olunan bütün maddi vəsait isə xeyriyyə məqsədi ilə sərf ediləcək. Xeyriyyə ziyafətinin sponsorlarından biri də “BakuBuild” sərgisinin təşkilatçılarıdır.

20 oktyabr tarixində “Fairmont Baku” otelində çoxsahəli Azərbaycan-Dubay biznes-forumu keçiriləcək. Bu foruma “Xəzər İnşaat Həftəsi 2016” tədbirinin iştirakçıları da qatılacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR