Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib

Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib
# 19 aprel 2018 17:54 (UTC +04:00)

Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə I vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov, “Expo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster, Beynəlxalq Sərgilər Bürosu İcra Komitəsinin sədri Jai-chuil Choi, Büro sədrinin müavini Dmitri Kerkentzes çıxış ediblər.

Tədbirdə Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə namizədliyinin irəli sürməsi ilə bağlı görülən işlər və atılacaq addımlar barədə məlumat verilib.

S. Şərifov bildirib ki, Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib: “Qiymətləndirmə Missiyasının üzvləri sərginin keçiriləcəyi əraziyə baş çəkiblər və həmin ərazinin sərgidən sonra Azərbaycan xalqının xeyrinə necə istifadə ediləcəyinə dair planla tanış olublar. Ümid edirik ki, missiya “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının ev sahibliyi etməsi haqda qərar qəbul edəcək”.

S. Şərifov əlavə edib ki, sərginin Bakıda keçirilməsi Azərbaycanın tanıdılması baxımından əhəmiyyətli layihədir: “Bakının ev sahibliyi etməsi şəhərin və ümumiyyətlə, Azərbaycanın inkişafını sürətləndirəcək. Milli inkişaf strategiyamıza uyğun olaraq, Ekspo 2025 layihəsi biznes imkanlarının yaradılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə iqtisadiyyatımızın şaxələnməsinə kömək edəcək”.

E. Əmirbəyov də “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb: “Bu il Azərbaycanın Ekspo hərəkatına üzvlüyünün 10 illiyini qeyd edirik. Bu illər ərzində təşkilatla sıx əməkdaşlıq etmişik. Son üç sərgidə Azərbaycan tərəfindən qurulmuş milli pavilyonlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilib”.

E. Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsinin insan kapitalının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Beynəlxalq Sərgilər Bürosu İcra Komitəsinin sədri Jai-chuil Choi, Büro sədrinin müavini Dmitri Kerkentzes isə çıxış edərək bildiriblər ki, Azərbaycana səfərlərinin məqsədi Bakının namizədlik potensialı ilə yaxından tanış olmaqdır. Missiya rəsmiləri qiymətləndirmə çərçivəsində may ayında hesabatın hazırlanacağını diqqətə çatdırıblar. Əlavə olunub ki, Bakı sərginin keçirilməsinə uyğun gəlir və son qərar noyabr ayında veriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR