Dağlıq Qarabağ münaqişəsi: ABŞ-Rusiya qarşıdurmasında potensial revanş müstəvisi – TƏHLİL

Dağlıq Qarabağ münaqişəsi: ABŞ-Rusiya qarşıdurmasında potensial revanş müstəvisi – <font color=red>TƏHLİL</font>
# 26 avqust 2008 14:04 (UTC +04:00)
Bakı. Vüqar Məsimoğlu-APA. Cənubi Qafqazda baş verən son olaylar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir göstərəcək? Bu sual Rusiya parlamentinin hər iki palatasının Gürcüstandakı separatçı bölgələri müstəqil dövlət kimi tanıması qərarından sonra xüsusilə aktuallaşıb.

Son hərbi qarşıdurmanın ən böyük zərbəsi Gürcüstana deyil, postsovet məkanında “dondurulmuş münaqişələr”lə bağlı mövcud ictimai rəyə dəyib. Rusiyanın son addımından sonra sabiq sovet respublikalarında “dondurulmuş münaqişələrin” hərbi yolla həllinin mümkünlüyünə inamı azaldıb. Bu, Gürcüstandakı hadisələrlə bağlı ən müxtəlif şərh, icmal, müsahibə və xəbərlərdən açıq-aşkar hiss olunur. Doğrudanmı, “dondurulmuş münaqişələrin” hərbi yolla həlli variantı gündəlikdən birdəfəlik çıxarılıb? Əslində sualın bu şəkildə qoyulması qüsurludur, sual “postsovet məkanında münaqişələrin Rusiyanın iradəsindən kənar həlli mümkündürmü?” şəklində qoyulmalıdır.

Əslində ictimai rəyin bu sualı kimə ünvanladığı məlumdur. Sualı cavablandıracaq tərəf Qərbdir. ABŞ və Avropa İttifaqı bu sualı “mümkündür” şəklində cavablandırmaq üçün postsovet məkanında “dondurulmuş münaqişələr”dən ən azı birinin həllində irəliləyişlərə nail olmalıdır. Qərbin revanş üçün Gürcüstandakı münaqişələri seçmək imkanı məhduddur. Rusiya Cənubi Osetiya və Abxaziya ilə bağlı konkret addımlar atıb, öz maraqlarını müdafiə edə bilmək üçün hərbi konfrontasiyaya getməkdən belə çəkinməyəcəyini sübut edib. Bu səbəbdən Qərb ictimai rəyi yenidən öz xeyrinə dəyişdirmək istəyərsə, o zaman Dnestryanı və Dağlıq Qarabağ münaqişələri arasında seçim etməli olacaq. İlk variant daha az ağlabatandır, nəzərə alsaq ki, ABŞ-ın Cənubi Qafqazdakı maraqları Moldovadakı maraqlardan qat-qat üstündür, o zaman Vaşinqtonun revanş olaraq Dağlıq Qarabağ münaqişəsini seçəcəyi ehtimalı daha yüksəlir. Gürcüstanda baş verən proseslərin Dağlıq Qarabağ münaqişəsinə transformasiyası ssenarilərindən biri məhz bundan ibarətdir.

ABŞ revanşı hansı formada həyata keçirə bilər? İlk növbədə Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə nəzərən ikili standart mövqeyindən imtina edib, Azərbaycanı tam şəkildə dəstəkləməsi mümkündür. Gürcü-abxaz və gürcü-osetin münaqişələrindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın mövqeyi Rusiyanın mövqeyi qədər həlledici rola malikdir. Eyni zamanda Vaşinqtonun Gürcüstandan fərqli olaraq Azərbaycanda Rusiya ilə eyni çəki dərəcəsində mübarizə aparmaq imkanı var. Yəni Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın hər iki tərəfə təsir etmək imkanı mövcuddur. Bu səbəbdən əgər Cənubi Qafqazda maraqlar uğrunda mübarizə kəskinləşərsə, ABŞ-ın Rusiya qarşısında Dağlıq Qarabağ münaqişəsi müstəvisində revanş götürəcəyi istisna edilə bilməz.

Hələlik isə ABŞ Cənubi Qafqazda qarşıdurma müstəvisinin genişlənməsindən çəkinir və qarşıdurmadan çox əvvəlki vəziyyətin bərpa olunmasında maraqlıdır. Lakin hazırda situasiyanı Vaşinqton deyil, Moskva diktə etdiyindən, ABŞ da ehtiyat variantları mütləq nəzərdən keçirmək məcburiyyətindədir. BŞ-ın vitse-prezidenti Riçard Çeyninin Azərbaycana planlaşdırılmayan səfəri göstərir ki, Vaşinqton gələcək planlarında əsas ağırlıq mərkəzi rolunu Azərbaycana ayırmaq niyyətindədir. Hər halda Riçard Çeyninin Bakıdakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə enerji dəhlizlərinin təhlükəsizliyinin təminatı məsələsi qədər vaxt ayıracağı istisna deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR