Qafqazda pozulan strateji balans fonunda Ermənistan-Türkiyə futbol maçı - TƏHLİL

Qafqazda pozulan strateji balans fonunda Ermənistan-Türkiyə futbol maçı - <font color=red>TƏHLİL</font>
# 01 sentyabr 2008 13:29 (UTC +04:00)
Abdullah Gülün Türkiyəyə səfəri futbol maçını izləmək məqsədi daşısa da, bu səfərin siyasi çəkisi daha ağırdır. Ermənistan tarixində ilk dəfə olaraq bir Türkiyə prezidenti bu ölkəyə səfər edəcək. Səfəri bu qədər labüd edən nədir? Rəsmi səbəb – futbol maçını izləməkdir, qeyri-rəsmi səbəb - Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu göstərmək niyyəti.

Rusiya-Gürcüstan hərbi qarşıdurmasının nəticələri Qafqazda strateji balansı pozub. SSRİ dağılandan sonra dünya və region siyasətinin bütün oyunçularının iştirakı ilə Qafqazda formalaşdırılan strateji balans Rusiyanın lehinə dəyişib. Bu isə artıq Türkiyə üçün – regionda gedən proseslərin əsas oyunçularından biri üçün böyük təhlükədir.

Gerçəklik budur ki, Qərb və onun bölgədə əsas oyunçusu olan Ankara Cənubi Qafqazda təsir imkanlarını birdəfəlik itirə bilər. Rusiya Gürcüstan üzərində tam təsir imkanları formalaşdırsa (hansı ki, buna çox yaxındır), bu, Türkiyənin Cənubi Qafqazdan böyük ölçüdə sıxışdırılıb çıxarılması demək olacaq. Bu səbəbdən Ankara bölgədə öz strateji maraqlarını qorumaq üçün bütün alternativləri, o cümlədən Ermənistanla münasibətləri normallaşdırmaq alternativini nəzərdən keçirmək niyyətindədir.

Bundan başqa Avropa İttifaqı da Ankara ilə İrəvan arasında əlaqələrin genişləndirilməsini dolayı şərt olaraq irəli sürməkdədir. Bir zamanlar Türkiyəyə qarşı Kipr kartını istifadə edən Avropa İttifaqı indi də Ermənistan məsələsində Ankaraya təzyiq edir. Təəssüflər olsun ki, Ankara Kipr məsələsində olduğu kimi, Ermənistan məsələsində də geri addım atacaq kimi görünür.

Ermənistanla sərhədlərin açılması artıq Türkiyə gündəminin çeynənmiş mövzularından sayılır, hətta ciddi siyasi və iqtisadi dairələr belə bunun mümkünlüyünü dilə gətirirlər. Ankara Ermənistanla ən azı sərhədyanı ticarəti bərpa edərsə, həm İrəvanla sivil münasibətlərin qurulmasında israr edən ABŞ və Avropa İttifaqının, həm də daxili təzyiq qruplarının ağzını yummuş olar.

Türkiyədə hakimiyyətə yaxınlığı ilə seçilən araşdırma mərkəzlərinin son zamanlar belə bir tezisi dövriyyəyə buraxdığı müşahidə olunur: “Türkiyə Ermənistanla sərhədləri açmaqla Cənubi Qafqazda zəifləmiş gücünü artırmış olacaq”. Bu tezisin müdafiəçiləri hesab edir ki, Türkiyə Ermənistanı blokada vəziyyətində saxlamaqla bu ölkənin Rusiyadan asılılığını artırmış olur: “Əksinə Ermənistanla siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi bu ölkənin Rusiyadan asılılığını zəiflədə, Türkiyənin isə bütün Cənubi Qafqaz ölkələrində təsir gücünü formalaşdırmasına səbəb ola bilər”. Görünür, Türkiyənin beş ölkənin iştirakı ilə Qafqaz Sabitlik Platforması yaradılması təşəbbüsü də bu tezislərə əsaslanır.

Bundan başqa əvvəlki dövrdən fərqli olaraq rəsmi Ankara Ermənistanla münasibətlərə dair məsələlərdə ehtiyatlılıq nümayiş etdirmir.
a) Türkiyə və Ermənistan xarici siyasət idarələri arasında danışıqların intensivləşməsi,
b) rəsmi Ankaranın bu faktı inkar etməməsi, əksinə danışıqlara haqq qazandırması,
c) baş nazir Ərdoğanın “Ermənistanla birbaşa münasibətlərin yaradılması mümkündür, irəli sürdüyümüz təşəbbüs beş ölkənin sıx əməkdaşlığını nəzərdə tutur” bəyanatı
d) və ən nəhayət Abdullah Gülün Ermənistan-Türkiyə maçını izləmək üçün İrəvana getməyə razılıq verməsi bu anlamı daşıyır:
“Rusiyanın Cənubi Qafqazda nüfuz müharibəsində və Avropanın enerji bazarında üstün mövqeyə çıxması Türkiyənin xarici siyasət kursunda ciddi dəyişikliklərə səbəb olub. Artıq Ermənistanla münasibətlər Ankaranın xarici siyasətində prioritetlərdən birini təşkil edir”.

Göründüyü kimi, Türkiyə prezidenti Abdullah Gülün İrəvana səfəri mürəkkəb siyasi situasiyanın diktəsi altında gerçəkləşir. Ankara bu kimi jestlərlə öz məqsədinə nail olacaqmı? Burada hər şey Türkiyə və Ermənistandan çox, həm də bölgədəki proseslərin inkişaf istiqamətindən asılıdır. Bu situasiyada əminliklə söyləyəcəyimiz bir nəticə var – Türkiyə-Ermənistan yaxınlaşması Azərbaycanda son dərəcə neqativ reaksiya doğuracaq. Ankaranın İrəvanla yaxınlaşma jestləri Ermənistanla münasibətlərin qurulması üçün irəli sürülən üç şərtdən de-fakto imtina etmək deməkdir. Bu şərtlərdən biri Azərbaycanla bağlıdır - Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdır. Türkiyə doğurdanmı bu tələbindən artıq imtina edib? Türkiyə rəsmiləri bu suala mütləq aydınlıq gətirməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR