Dunya iqtisadi bohranı və Türkiyə - TƏHLİL

Dunya iqtisadi bohranı və Türkiyə - <font color=red>TƏHLİL</font>
# 24 noyabr 2008 09:49 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. Türkiyəni son 20 ildə iki iqtisadi böhran dərindən sarsıb. 94-cü ilin əvvəllərində başlayan böhran aprel ayında Mərkəzi Bankın devalvasiya qərarı ilə nəticələndi və Tansu Çillər hökuməti 5 aprel iqtisadi qərarlarını açıqlamaq məcburiyyətində qaldı. Xalqa içirdilən acı resept 95-ci ildəki seçkidə Ərbakanın rəhbərlik etdiyi Rəfah Partiyasının birinci yeri tutmasına önəmli dərəcədə yardım etdi.

İkinci iqtisadi böhran isə 2001-ci il fevralın 19-da yaşandı. Milli Təhlükəsizlik Şurasının iclasını erkən tərk edən baş nazir Bülənt Ecevit medianın qarşısına çıxıb dedi: “Hörmətli prezident konstitusiya kitabını üstümə atdı və mənə ədəbə müğayir sözlər dedi”. Bir anda dünya-aləm bir-birinə qarışdı, birja dibə düşdü, gecəlik borc alma faizləri 7200-ə çıxdı. Şərtlərin son dərəcə ağır olmasına baxmayaraq, hökumət bazar iqtisadiyyatının prinsiplərindən vaz keçmədi və 10 saatlıq iclasdan sonra əcnəbi valyutanın forvard üsulu ilə qismən nəzarət altında saxlanan məzənnəsi bir anda sərbəst məzənnəyə tərk edildi. Nəticə- 100%-lik bir devalvasiya. Ölkənin xarici borcu bir anda 100% artmış, banklar yüksək faizlə borc almaq üçün Xəzinənin təminat məktubuna möhtac qalmışdılar. Beynəlxalq maliyyə qurumları hökumətə borc verməyə hərarətli baxmayanda Bülənt Ecevit köhnə müşavirini-Dünya Bankının vitse-prezidenti Kəmal Dərvişi Ankaraya də’vət edərək, onu Xəzinəyə cavabdeh dövlət naziri təyin etdi. Millət vəkili olmadığına görə, nazir statusu əldə etmək üçün Kəmal bəy Məclisdə and içdi. İki ay içində Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna hökumətin yəni iqtisadi proqramını təqdim edən dövlət naziri Kəmal Dərviş hər şeydən əvvəl bank sistəminin infrastrukturunu kökündən dəyişdirməyi nəzərdə tutmuşdu. Hələ nazir kreslosuna oturmazdan əvvəl mobil telefonla bir danışığı deşifrə edilən Kəmal Dərvişin ‘Ecevitə söylə ki, bu işi batırıblar.Radikal tədbirlər lazımdır’-sözləri vəziyyətin nə qədər çətin olduğunu göstərmişdi. 2001-ci ilin iyununda Beynəlxalq Valyuta Fondu Türkiyəyə kredit verilməsinin şərtlərini təsdiqləyəndə Kəmal Dərviş ölkədə bank islahatına çoxdan başlamış və bəzi dövlət banklarının ya başqa banklarla birləşdirilməsinə,ya da özəlləşdirilməsinə start verilmişdi. O vaxt Xəzinəyə borcu olan bir çox özəl banka dövlət əl qoydu-infrastrukturu sağlam olmayan bankların açıq pozisiyalarını qapatmaq üçün bazardan bahalı qiymətə valyuta toplaması prosesinə də o dönəmdə son qoyuldu. Bazarın ixtiyarına buraxılan valyuta dalğalanması da yerini durulmaya buraxdı və əcnəbi valyutanın məzənnəsi aşağı düşməyə başladı. İqtisadi proqramı uğurla həyata keçirən koalisiya hökuməti təcrübəli siyasətçi Ecevitin ‘Biz xalqa acı resept içirtdik, seçkidə bunun əvəzini bizdən çıxmaq istəyəcəklər,ona görə də seçkiyə bir il sonra gedək’ xəbərdalığı koalisiyanın ortağı olan MHP lideri Dövlet Bahçalıyə təsir etmədi və hökumət 2002-ci il noyabrın 3-də seçkiyə getmək barədə qərar qəbul etdi. Tək başına iqtidara gələn AKP Kəmal Dərvişin iqtisadi proqramından nəinki vaz keçdi, hətta o proqramı olduğu kimi davam etdirdi. Xəzinəyə cavabdəh dövlət naziri Ali Babacan muxtar statusu olan Mərkəzi Bankın prezidenti ilə 2006-cı ilin martına qədər ahəngdar şəkildə işlədi. Vəzifə müddəti bitdiyinə görə istefa verən Mərkəzi Bankın prezidentinin yerinə Durmuş Yılmazın gətirilməsi siyasi mübahisələri də özü ilə gətirib-gəlsə də, çox keçmədən Mərkəzi Bankın yeni prezidentinin hökumətdən müstəqil siyasət yeridəcəyi ortaya çıxdı. Dövlət banklarının birləşdirilməsi və ya özəlləşdirilməsi prosesi AKP hökuməti dönəmində də davam etdirildi və bunun nəticəsində ölkədə Xəzinəyə əlavə yük gətirə biləcək bank, demək olar ki, qalmadı. AKP hökumətləri Beynəlxalq Valyuta Fondu ilə imzalanan proqramları da axıra qədər uğurla həyata keçirdi. Ərdoğan hökumətinin beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi iqtisadi proqram 2004-cü ildə ölkə iqtisadiyyatının rekord səviyyədə böyüməsinə səbəb oldu- o il üçün bu, eyni zamanda dünya rekordu idi.

Ölkə 2007-ci il iyulun 22-də keçirilən parlament seçkisinin atmosferinə qədəm qoyanda hökumət tərəfindən iqtisadiyyatın gələcəyi baxımından narahatlıq yaradacaq addımlar atılmağa başladı. Cari kəsirin artmasına dair tənqidləri ciddi qəbul etməyən hökumət bunun maliyyələşdirilə bilinən vəziyyətdə olduğunu dəfələrlə təkrarladı. Hökumət cari kəsirin böyüməsini əngəlləmək üçün həm xaricdən isti pul çəkməyə çalışır , həm də gəlir gətirən dövlət müəssisələrini satmaq məcburiyyətində qalırdı. Buna baxmayaraq, 2007-ci ilin cari kəsiri 37 milyard dollar olaraq açıqlandı və bu durum beynəlxalq maliyyə qurumlarının Ankaraya xəbərdarlıqları gücləndirməsini şərtləndirdi. Təsadüfi dəyil ki, iqtisadiyyatı böhrandan xilas edən proqramın memarı, hazırda BMT İqtisadi İnkişaf Proqramının prezidenti olan Kəmal Dərviş də bir ay qabaq verdiyi açıqlamada Türkiyənin dövlət xərclərini azaldaraq və qənaət edərək böyüməsindən başqa yolu olmadığını bildirdi. 22 iyula doğru gedən yolda hökumətin seçki iqtisadi siyasəti yürütməsi AKP-yə əlavə xeyli səs gətirsə də, bu qeyri-etik tədbir ölkədəki investisiya ortamının yavaşlamasına səbəb oldu. Xaricdən gələn sərmayə isə birbaşa investisiyalara yönəlmək yerinə ya birjada qərar tutdu, ya da dövlət xərclərinin qarşılanmasında o pullardan istifadə edildi. Bu ilin əvvəlindən qiymətlərin yüksəlməsi Mərkəzi Bankın ilin axırı üçün müəyyənləşdirdiyi inflyasiya hədəflərində dəyişiklik etməsinə səbəb oldu. İxracat rəqəmlərinin Türkiyə tarixində rekord vurmasına baxmayaraq daima artan idxalat da iqtisadiyyatın başqa bir sıxıntısı halına gəldi. Yəni, Türkiyə sentyabr ayında şiddətlənən dünya iqtisadi böhranını yüksək cari kəsir, iki rəqəmli inflyasiya, yüksək faiz və ixracat açığı ilə qarşıladı. Böhranın şiddətlənib Nyu York birjasını vurduğu günlərdə Türkiyədə Ramazan bayramı olduğuna görə İstanbul birjası açılmadı və dünya sərmayə bazarlarının sarsıntısı burda yalnız 3 oktyabrda hiss edildi. ABŞ və AB-nin banklara maliyyə dəstəyi açıqlaması əvvəlcə Türkiyənin sərmayə bazarında pozitiv hava yaratsa da, cərəyan edən proseslər İstanbul birjasının dəyərinin üçdə ikisinin itirməsini əngəlləyə bilmədi. Uzun müddətdən bəri sabit kimi görünən əcnəbi valyutanın məzənnəsi isə təxminən 45% yüksəldi. Dünya böhranını fürsətə çevirmək istəyən hökumət Məclisə yeni qanun layihəsi təqdim edərək, xaricdə yaşayan vətəndaşların pullarını bütün yollardan (hətta çanta ilə) Türkiyəyə çəkmək üçün həmlə etdi. Ölkəyə qara pul girişinin
sürətləndirməsindən narahatlıq duyulan bu layihə ciddi tənqidə məruz qaldığı bir vaxtda baş nazir Ərdoğan Avropadakı vətəndaşlara pullarını Türkiyəyə gətirmələri üçün müraciət etdi. Tayyip bəy bunun riskli olduğunu da özü dedi, amma bu riskin altına da girdi. Narahatlıqlara məhəl qoymayan Məclis ölkəyə nəğd pul çəkilməsini nəzərdə tutan qanunu qəbul etdi. Dünyadakı böhranı yaxından izləyən Ərdoğan hökuməti iş dünyasını təmsil edən qeyri-hökumət təşkilatları ilə keçirdiyi mütəmadi fikir mübadilələri nəticəsində Beynəlxalq Valyuta Fondu ilə imzalanacaq olan yeni əməkdaşlıq sazişinin astanasına gəlib. 10 gün əvvəl Nyu-Yorka gedən baş nazir Ərdoğanın BVF prezidenti ilə görüşündən sonra yeni sazişin ən qısa müddətdə imzalana biləcəyi açıqlandı. İqtisadi böhranın ilk ayında vətəndaşların banklardakı pullarına dövlət təminatı verməyəcəklərini deyən Tayyip Ərdoğan bir neçə gün qabaq mudilərin önəmli bir hissəsinə dövlət təminatı verəcəklərini bildirdi.

İqtisadi böhranla bağlı bütün gəlişmələrə vaxtında reaksiya göstərməyə çalışan baş nazir Ərdoğan (çünki ölkədəki ciddi iqtisadi sarsıntının iqtidardan getməsinə səbəb olacağını yaxşı bilir) bir neçə gün əvvəl kreditləri geri çəkən banklara sərt mesaj göndərdi.”Sənin varlıq səbəbin kredit verməkdirsə, bunu necə geri çəkə bilirsən? Böhranı fürsət bilib bundan daha çox gəlir əldə etməyə çalışırsanmı?”-deyə əsəbi çıxış etdi. Tayyip bəy müstəqil qurum olan Bankçılıq sistemləşdirmə və təftiş şurasını kreditləri geri çəkən banklar barədə tədbir görməyə çağırdı. İqtisadi böyümənin azalmasını müəyyən dərəcədə əngəlləmək məqsədi ilə Mərkəzi Bank faizləri 1% aşağı saldı. Böhranın işsizlərin sayını artıracağından ehtiyat edən hökumət yeni iqtisadi tədbirlər paketi açıqladı. 1 milyon 300 min firma üzvü ilə ölkənin ən böyük QHT-si olan Türkiyə Palatalar və Birjalar Birliyinə müraciət edən Tayyip Ərdoğan işsizliyin artması durumunda hər firmanın 1 nəfəri işə götürməsini xahiş etdi. Ancaq görülən tədbirlərə baxmayaraq dövlətin xərclərinin yüksək olması(2008-ci ilin sonunda cari kəsirin 50 milyard dollar olması gözlənilir) və cari kəsiri aşağı çəkmək üçün imkanların getdikcə məhdudlaşması sıxıntı yaratmağa davam edir-istənilən durumda Türkiyənin bundan sonra dövlət xərclərində ciddi kəmər sıxma siyasəti yürütməsi qaçınılmaz olacaqdır.

Dünyada və ölkədə baş verən bütün iqtisadi böhranlarda Türkiyənin dəyişməz prinsipi olub:bazar iqtisadiyyatı və demokratiyanın əsas qaydalarından vaz keçməmək. Heç bir böhranda hökumətlərin antidemokratik qərarlarla bazardakı oyunçuların haqlarını tapdadağına indiyə qədər rastlanmayıb. Heç bir böhranda banklardan pul çəkilməsinə və ya bank əməliyyatlarına qadağan qoyulmasına təsadüf edilməyib. Ərdoğan hökumətinin də bazar iqtisadiyyatı prinsipləri çərçivəsində böhrandan daha az zərərlə çıxmaq üçün əlindən gələni etdiyi görülür. Bunun səbəbi- Türkiyədə insanların heç vaxt mülkiyyət haqlarını itirməməsidir. Sosializmdən sərbəst bazar iqtisadiyyatına keçmək qədər çətin şey yoxdur bu dünyada-Rusiya başda olmaqla keçmiş sovet ölkələrinin əksəriyyətinə göz atmaq kifayətdir
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR