Ermənistana silah yardımı: Rusiya Dağlıq Qarabağ münaqişəsinə nəzərən neytrallığı pozur - TƏHLİL

Ermənistana silah yardımı: Rusiya Dağlıq Qarabağ münaqişəsinə nəzərən neytrallığı pozur - <font color=red>TƏHLİL</font>
# 14 yanvar 2009 08:45 (UTC +04:00)
Avropa və Yaxın Şərqdən sonra Cənubi Qafqaz da Qərb-Rusiya qarşıdurmasının müstəvisinə çevrilir
Bakı. Vüqar Məsimoğlu-APA. Qərblə Rusiya arasında başlanan “soyuq müharibə”nin fəsadları dünyanın maraqlar mübarizəsinə səhnə olan bütün regionlarında özünü göstərməkdədir.
Kosovonun müstəqilliyinin tanınması, BMT və ATƏT-in siyasi proseslərə təsir imkanlarının zəiflədilməsi, Avropaya elan edilən “enerji müharibəsi”, Gürcüstana hərbi təcavüz, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması – bütün bunlar ABŞ-Rusiya qarşıdurmasının real fəsadlarıdır. Hər şey Vaşinqtonun Şərqi Avropada raket hücumundan müdafiə kompleksi yerləşdirmək niyyəti ilə başlayıb. Bu məsələdə ABŞ-la ortaq məxrəcə gələ bilməyən Rusiya rəqibin hücumuna ortaq maraqların mövcud olduğu regionlarda qeyri-stabillik yaratmaqla cavab verməyə çalışır. Qərb-Rusiya qarşıdurmasının müstəvisinə çevrilən bölgələrdən biri də Cənubi Qafqazdır.
Rusiya Qafqaz regionunu tarixən münaqişələr hesabına idarə edib. SSRİ dağıldıqdan sonra bölgədə ən müxtəlif kombinasiyalı münaqişələr yaradan Moskva fürsət düşdükcə Cənubi Qafqazda qeyri-stabillik yaratmağa qadir olduğunu Qərbə nümayiş etdirir. Avqustda Gürcüstana qarşı aşkar hərbi təcavüz, separatçı bölgələrin müstəqilliyinin tanınması Rusiyanın gövdə nümayişi idi. Avropaya “qaz müharibəsi” elan edən və Yaxın Şərqdə Qərb əleyhdarı olan ölkələrlə hərbi müttəfiqlik münasibətlərinin bərpa edən Kreml üzünü yenidən Cənubi Qafqaza çevirib. Ermənistana növbəti dəfə silah yardımı eləyən Moskva bununla da Cənubi Qafqaz siyasətini 180 dərəcə dəyişdiyini təsdiqləyib. Bu həm də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə nəzərən yürütdüyü siyasətin köklü surətdə dəyişməsi deməkdir.

Moskva Ermənistana silah yardımı göstərməklə

a) Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutmadığını təsdiqləyib və bu münaqişənin tərəfi olduğunu nümayiş etdirib;
b) Münaqişə vəziyyətində olan ölkələrə silah satışının qadağan olunması barədə beynəlxalq sazişləri pozub;
c) Azərbaycanla imzalanmış çoxtərəfli əməkdaşlıq haqqında dövlətlərarası sazişlərə ciddi münasibət bəsləmədiyini nümayiş etdirib.

Ermənistana 800 milyon dollar dəyərində silah-sursat, hərbi texnika və avadanlıq verilməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını sual altına qoymuş olub. Əslində bu sual Rusiya Gürcüstan ərazisində separatçı rejimlərin müstəqilliyinin tanınmasından sonra meydana çıxmışdı. Gürcüstanda separatçı rejimlərə dəstək verən, onların müstəqilliyini tanıyan və həmin əraziləri faktiki olaraq öz yurisdiksiyasına daxil edən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektiv mövqedən çıxış edəcəyinə kim qarantiya verə bilər?
Rusiyanın Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tuta bilməyəcəyi onsuz da məlumdur, çünki Moskva

a) Ermənistan ərazisində hərbi bazaya malikdir, bu ölkənin cənub sərhədlərinin qorunmasını həyata keçirir;
b) Ermənistanla hərbi-siyasi müttəfiqdir;
c) Azərbaycanın Dağlıq Qarabağ adlanan ərazisinin işğalında birbaşa iştirak edib;
d) Dağlıq Qarabağdakı separatçı rejimlə müxtəlif səviyyədə əməkdaşlıq münasibətlərinə malikdir;
e) Ən nəhayət bu ölkəni mütəmadi olaraq silahlandırmaqla məşğuldur;

Bütün bu amillər, həmçinin münaqişə tərəfi olan Ermənistana bu ölkənin az qala hərbi büdcəsi miqdarında silah bağışlanması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik imkanlarından imtina etməyə əsas yaradır. Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı olan, bundan bölgə ölkələrinə təzyiq vasitəsi kimi istifadə edən Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hər hansı formada əməkdaşlıq Azərbaycanın maraqlarına cavab vermir. Və münaqişənin nizamlanması prosesinin bu qədər uzanmasında sözsüz ki, danışıqlarda vasitəçilik edən Rusiyanın neytral mövqeni daim Ermənistanın lehinə pozmasının da böyük payı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR