Həbs növbəsi - TƏHLİL

Həbs növbəsi - <font color=red>TƏHLİL</font>
# 23 yanvar 2009 13:49 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Bir ölkənin hüquq sisteminin iqtidar, onu dəstəkləyən media və təriqətlər tərəfindən bu qədər hədəfə alınmasının hüququ yox edəcəyini dəfələrlə yazdıq. “Ergenekon” və AKP-nin qapadılması ilə bağlı Konstitusiya Məhkəməsi prosesləri Türkiyədə hüquq məfhumunu o qədər cılızlaşdırdı ki, təriqətin televiziya kanalı sinəsini gərib prokurorun müdafiəsinə qalxdı, köşə-bucaqlarından, ekranlarından iman təbliğatı aparanlar “Ergenekon”la bağlı xəbərlərdən təbliğat vasitəsi kimi istifadə etdilər. Prokurorun qanunu pozduğuna dair çoxsaylı şikayətləri dəyərləndirən ədliyyə naziri dövlət ittihamçısı haqqında təhqiqat aparılmasına icazə vermədi.

Keçən ilin iyulunda bir neçə gün polis nəzarətində qalandan sonra sərbəst buraxılan “Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay deyirdi ki, məhkəmədən çıxıb İstanbuldan Ankaraya qayıdanda yolda mənə zəng edərək ifadəmin sabah iqtidara yaxın qəzetlərdən birində çap ediləcəyini xəbər verdilər. Polisdə və prokurorluqda alınan ifadələrin bir gün sonra iqtidar mediasında çap olunmasına qarşı uzun müddət heç bir tədbir görməyən ədliyyə naziri Mehmet Əli Şahin nəhayət, bir neçə gün qabaq bunun yolverilməz olduğunu bildirdi. Polis nəzarətinə alınan və ya məhkəmə qərarı ilə həbs edilənlər barədə yazılanlar, Kanadada yaşayan fırıldaqçı Tuncay Güneyin TRT-də 4 saat danışdırılaraq başda ana müxalifət partiyasının lideri olmaqla, az qala bütün Türkiyəni böhtan yağmuruna tutması prezident Gülün də açıqlama verməsinə səbəb oldu. Dövlət başçısı açıqlamasında mediadakı birtərəfli və məqsədli təbliğatın hüquq sistemini yaraladığını vurğuladı. Silahlı Qüvvələrin Baş Qərargahı bu durumdan şikayətini bir neçə yazılı açıqlama ilə ictimaiyyətlə bölüşdü. Və nəhayət, yanvarın 21-də prezident Gül hökumət başçısını, parlament sədrini, məhkəmə sədrlərini Çankayaya dəvət edərək nahar süfrəsi arxasında ölkədə yaranmış vəziyyəti onlarla müzakirə etdi. Prezident Gülün addımını ən düzgün şərh edən siyasətçi “bu, Türkiyədəki dövlət böhranıdır” sözləri ilə keçmiş baş nazir, millət vəkili Məsud Yılmaz oldu. 2001-ci ildə baş nazirin müavini ikən Tuncay Güneyin şantajları ilə üzbəüz qalan Məsud Yılmaz ölkənin bu hüquq böhranından xilas olaraq şəffaflığa çıxması üçün son 20 ildə iş başında olanların hamısının danışmasının vacibliyini vurğuladı. Bu mənada prezident Gülün dövləti təşkil edən qurumların başçılarını Çankayaya dəvət etməsi önəmli addım olub. Zira xüsusilə peşəcə mühasib olan Konstitusiya Məhkəməsi sədrinin yay aylarından bəri hökumətə dəstək xarakterli açıqlamalar verərək başçısı olduğu məhkəmənin digər üzvləri və dövlət idarələrindəki işlərə baxan məhkəmə ilə ziddiyyətə düşməsi Türkiyənin hüquq sistemini mübahisəli duruma salır. Digər tərəfdən, “Ergenekon” prosesini aparan ağır cəza məhkəməsi prokurorlarının şübhəli şəxsləri nəzarətə alandan sonra dəlil toplamaq istəmələri, həbsdəki şəxslər barədə ittihamnamələrin aylarla yazılmaması, məhkəməyə dəlil-sübut kimi təqdim edilən sənədlərin çoxunun qanunsuz dinlənmiş telefon danışıqlarından ibarət olması və s. elementlər şübhəli şəxsləri “məzlum” durumuna saldığı kimi, istintaqın ədaləti barədə də ciddi narahatlıq yaradır.

Prezident Gülün təşkil etdiyi toplantıdan 18 saat keçmədən əməliyyatın 11-ci dalğası vüsət aldı, 16 şəhərdə eyni vaxtda aparılan polis əməliyyatlarında 40 nəfər nəzarətə alındı. Polis nəzarətinə alınanlar arasında milliyyətçi düşüncələri ilə tanınan “Metal-İş” həmkarlar təşkilatının xarizmatik lideri, “Avrasiya TV”nin qurucusu Mustafa Özbək və AKP hökumətinə qarşı sərt mövqeyi ilə tanınan sorğu şirkətinin sahibi Ərhan Gökselin adları diqqəti cəlb edir. 34 ildir ölkənin ən güclü həmkarlar təşkilatına rəhbərlik edən Mustafa Özbəyin həm Azərbaycanla, həm də türk dünyası ilə yaxın əlaqələri var. Onun mərhum prezident Əbülfəz Elçibəyin əsərlərinin külliyyatını Türkiyədə çap etdirməyə dair planı olduğu məlumdur. Hökumətə qarşı kəskin mövqeyi ilə tanınan “Avrasiya TV” isə Türkiyənin Qərb ölkələri ilə münasibətlərdən daha çox, türk dünyası və Avrasiya ölkələri ilə yaxin əlaqələr yaratmasının lüzumunu vurğulayır. Siyasi müşahidəçilər indiyə qədər polis nəzarətinə alınıb sərbəst buraxılan və ya həbs edilən şübhəli şəxslərin müştərək xüsusiyyətlərinin məhz atatürkçülük olduğuna diqqəti cəlb edirlər.

Dəyərli oxucular, Türkiyədə qorxu atmosferi getdikcə dərinləşdirilir. Siz heç dövlət çevrilişinə dair sənədlərin bir TV kanalında gizlədilə biləcəyini düşündünüzmü? Siz heç ekskavatorla yerin altında silah axtarışına rast gəldinizmi? Siz heç bu qədər fərqli düşüncə və peşəyə malik insanların bir araya gəlib hökuməti devirmək üçün planlar hazırladığına şahid oldunuzmu? Türkiyədə bir neçə prokurorun təlimatı ilə aparılan həbs əməliyyatları bunu iddia edir.

Qorxu altına alınmaq istənilən cəmiyyətlərdə həbs növbəsi olmur. Orada istənilən insanın növbəsi gözlənilmədən gəlir...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR