XII dalğa: Cümhuriyyətlə hesablaşmamı? - TƏHLİL

XII dalğa: Cümhuriyyətlə hesablaşmamı? - <font color=red>TƏHLİL</font>
# 20 aprel 2009 10:21 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. Aprelin 13-də başlayan XII Ergenekon dalğası Türkiyədə 1937-ci ilə bənzəyən bir dövrün yaşandığına dair iddiaları daha da gücləndirdi.Çünki ilk həbslər seriyasından fərqli olaraq bu dalğanın hədəfi birbaşa ölkənin öndə gələn alim təbəqəsi idi. Ankaradakı Başkent Univeristetinin qurucu rektoru,dünyada məşhur olan cərrah, porfessor Mehmet Haberal, bir vəzifədə olan və iki keçmiş rektor, iki professor “Ergenekon” adı verilən əməliyyatın XII dalğasında həbs edilərək cəza evinə göndərildilər. Cəza evinə aparılarkən vəziyyəti pisləşən Mehmet Haberal İstanbuldakı bir xəstəxananın reanimasiya bölümündə saxlanılır. Xatırlatmaq yerinə düşərdi ki, 2000-ci ildə Türkiyə Böyük Millət Məclisi prezident seçmək üçün siyasi məşqlər edəndə baş nazir Bülent Ecevit Demokratik Sol Partiyasından professor Haberalı prezident vəzifəsinə namizəd göstərmək istədiyini bildimişdi. Aprelin 13-də polis nəzarətinə alınıb İstanbula aparılanda Ankara aeroportuna gedən keçmiş prezident Süleyman Dəmirəl professor Haberala “Vətənsevər insanların taleyində bu səpkili hadisələr olur, sənin ən böyük günahın ölkəni çox sevməyindir” sözləri ilə təsəlli vermişdi.

“Ergenekon” əməliyyatının 37-ci illə paralel qurmağa imkan yaradan başqa bir önəmli motivi - Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi başkanı, xərçəng xəstəsi, 75 yaşlı professor Türkan Saylanın evində səhər tezdən aparılan axtarış oldu. Türkiyənin təhsilə dəstək verən ən böyük könüllü qurumlarından birinin başında duran xəstə qadının evində “dövlət çevrilişinə cəhd ” iddiası ilə səhər tezdən aparılan axtarışın ölkədə bu qədər sərt reaksiya doğuracağı, hər halda, hesablanmamışdı.Çünki bilgisayarlara əl qoyulması nəticəsində 10 min tələbənin bu ay təqaüddən məhrum qalacağı məlum olunca, onlarla vətəndaş Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinə maddi yardım etdi. Ankarada 110 min adam Atatürkün mavzoleyinə yürüyüş təşkil edərək professor Saylanın evində aparılan axtarışa e”tiraz etdi, başda Sezen Aksu olmaqla, İstanbulun ziyali elitası ona dəstəyini əsirgəmədi.Hətta iş o yerə çatdı kı, hökumətin mədəniyyət naziri Ertuğrul Günay, professor Saylana göstərilən münasibətin “AKP-nin əleyhinə işlədiyini” dedi.

Keçən ilin yayında aparılan əməliyyatlar dalğasından sonra özünü “Ergenekonun prokuroru” adlandıran baş nazir Erdoğan alimləri hədəf alan XII dalğa barədə ağzını da açmır. Özünü “Ergenekonun vəkili” adlandıran ana müxalifət partiyasının lideri Deniz Baykal isə XII əməliyyatı “AKP-nin dövlət çevrilişi” adlandırdı. Əməliyyatın hər iki prokurorluq ittihamnaməsinin gizli şahidinin Baykal tərəfindən “təqdimatı” isə tükürpədici idi: sənəddə saxtakarlıqdan 8 il, bacısını öldürməkdın 20 il, bacısının qızını fahişə kimi satmaqdan 8 il, dövlət idarələrindəki məhkəmələrdə cinayət etdiyinə ömürlük həbs cəzası alan bir adam, ana müxalifət partiyası liderinin sözünə inansaq, “Ergenekon əməliyyatı”nın gizli şahidləri imiş.

XII dalğada həbs edələnlərin müştərək xarakteri-AKP hökumətinə qarşı müxalif düşüncəyə sahib olmalarıdır. Bu xüsusiyyəti daşıyan insanların “Hökuməti devirməyə cəhd” motivi ilə həbs edilmələri Türkiyənin hüquq sistemi ilə bağlı ciddi narahatlıqlara səbəb olsa da, “super səlahiyyəti” olan prokurorlar heç nədən narahat deyil və xüsusilə dünyəvi cümhuriyyətin müdafiəçiləri hər an həbs edilə bilmək təhlükəsi yaşayırlar. Naturası etibarı ilə bu mənzərənin 37-ci ildən heç bir fərqi yoxdur. Bunu prosesləri yaxından izləyən şərhçilər də yazırlar -məsələn, “Akşam” qəzetinin istedadlı cavan şərhçisi Oray Eğinin də vurğuladığı kimi, XII dalğa “Ergenekon” adı verilən əməliyyatın mahiyyətini ortaya qoyub - bu, rejimi dəyişdirmək istəyənlərin öz niyyətlərinə doğru atdıqları addımların ən önəmlisi olub. 37-ci illə bağlı oxuduqlarımız göstərir ki, rejimdəki müxalif səsləri tamamilə susdurmaq üçün ziyalılarla hesablaşma mərhələsi olan o ildən sonra “sosializmin tam qələbəsi” cəmiyyətə hakim qılınmışdı. “Ergenekon əməliyyatı”na verilən media dəstəyi də 37-ci ilin açıq və gizli “donos”larından heç nə ilə fərqlənmir. Ancaq burada Türkiyənin müqavimətçi və reaksioner ziyalı-tələbə əsası dünyəvi rejimi dəyişdirmək üçün həlledici addımı atmağa əngəl olur.

XII dalğa “Ergenekon” adı verilən əməliyyatla bağlı başqa bir həqiqəti də ortaya qoyub - Əməliyyatın son dalğası əvvəllər ona hər cür qanun dəstəyi verən iqtidari da narahat etməyə başlayıb. Çünki əməliyyat çərçivəsində cərəyan edən proseslərin artıq ciddi şəkildə nəzarətdən çıxdığı müşahidə edilməkdədir. Bunun bariz örnəyi kimi parlamentin sədri Köksal Toptanın alim və ziyalıları birbaşa hədəf alan XII dalğa ilə bağlı olaraq “bunlar yanlışdır” açıqlaması göstərilə bilər. Əməliyyatın bu dalğası “Ergenekon” adı verilən əməliyyatda maraqlı olan tərəfləri daha açıq şəkildə sıralama imkanı yaratmışdır:

- Başlanğıcda beynəlxalq qüvvələrin də dəstəyini arxasına alan iqtidar partiyası artıq əvvəlki kimi sinəsinə döyüb qürrələnə bilmir. Proseslər hüquq çərçivəsindən çıxdıqca beynəlxalq qüvvələrin bu əməliyyata dəstəyi azalıbdır.

- Əməliyyat başladıqdan bu yana bu prosesə canfəşanlıqla dəstək verən Gülən təriqəti, məhkəmə hökmü olmamasına rəğmən, əməliyyatı aparan prokurorlara limitsiz dəstəyini davam etdirib şübhəli şəxsləri “cani” elan etsə də, uzun müddət susqunluqdan sonra Fətullah Gülənin şübhəli şəxs qismində saxlanmış ordu generallarını lağa qoyması əməliyyatda maraqlı olan o cinahın da narahatlığını ortaya qoyan örnəkdir. Belə ki, “Ergenekon əməliyyatı” hüquqi çərşivəsindən çıxdıqca, məhkəmə qərarı olmadan şübhəli şəxsləri “cinayətkar” e”lan edənlər, generalları lağa qoymağın da qazanc olduğunu düşünürlər.

- Ergenekon”u Hrant Dinkin qətlinin səbəbkarı sayanlar, əvvəllər olduğu kimi, əməliyyatlara dəstəyi davam etdirərək konkret şəxsləri hədəf göstərməyə davam edirlər. Onların hədəfindəki növbəti adamın ölkənin IX prezeidenti Süleyman Dəmirəl olduğu istisna edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR