Türkiyənin “Ermənistan açılımı”: Prezidentlərin Praqa görüşündən sonra öləziyən proses Kişinyov görüşü ərəfəsində yenidən canlanır - TƏHLİL

Türkiyənin “Ermənistan açılımı”: Prezidentlərin Praqa görüşündən sonra öləziyən proses Kişinyov görüşü ərəfəsində yenidən canlanır - <font color=red>TƏHLİL </font>
# 02 sentyabr 2009 15:13 (UTC +04:00)
Türkiyə hökumətinin aprel və sentyabr aylarında başladığı “Ermənistan açılımı”nın müqayisəli təhlili rəsmi Ankaranın sentyabrdakı prosesə daha hazırlıqlı başladığını göstərir. Məlumatın açıqlanmasından əvvəl Rəcəb Tayyip Ərdoğanın Azərbaycan prezidentinə telefon açması, Türkiyə səfirliyinin bununla bağlı geniş məlumat yayması, daha sonra Türkiyə Xarici İşlər Nazirliyi aparat rəhbərinin Bakıya bir günlük səfəri Ankaranın baş verənlərlə bağlı rəsmi Bakını məlumatlandırdığını göstərir. Əslində aprel ayında yaranmış gərginliyin əsas səbəbi Türkiyə tərəfinin Ermənistanla bağlı atacağı addımlar və bu kontekstdə Azərbaycanın maraqlarının nə dərəcədə nəzərə alınacağı barədə rəsmi məlumat verməməsi idi. Bu dəfə səhvdən nəticə çıxaran Ankara hər vəchlə ictimaiyyəti “Ermənistanla danışıqların gedişi barədə Azərbaycan lazımınca məlumatlandırılır” deyə inandırmağa çalışır. Analoji cəhd xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistanla əldə olunan razılaşmalarla bağlı ilk açıqlamalarında da hiss olunur. XİN başçısı Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanın maraqlarının hər zaman nəzərə alınacağını, başlayan prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Halbuki “aprel böhranı” zamanı rəsmi Ankaranın belə bir açıqlama verməsi üçün üç həftə gözləmək lazım gəlmişdi.

Bu kontekstdə ən maraqlı məqam Türkiyə-Ermənistan diplomatik prosesində real nəticələrin məhz Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində açıqlanmasıdır. “Türkiyə-Ermənistan yol xəritəsi”nin mövcudluğu prezidentlərin Praqa görüşü ərəfəsində açıqlanmışdı, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair protokolun imzalanacağı barədə məlumat da Əliyevlə Sərkisyanın Kişinyov görüşündən bir ay əvvəl açıqlanıb. Bu amil hər iki proses arasında bağlılığın olduğunu göstərir. Hər dəfə prezidentlərin görüşündən əvvəl Türkiyənin Ermənistana xoşməramlı jest nümayiş etdirməsi iki cür izah oluna bilər:

BİRİNCİ VERSİYA. Ankara diplomatik prosesi irəli aparmaqla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində güzəştlərə sövq etmək istəyir. Apreldə iki ölkə arasında sərhədlərin açılması məsələsi gündəmə gələndən sonra Ankara kuluarlarında proseslərin belə bir ssenari üzrə inkişafının razılaşdırıldığı bildirilirdi. Hətta Türkiyənin yüksək vəzifə sahiblərindən biri şəxsi söhbətində elə belə də demişdi: “Bizim hökumətdə (yəni Türkiyə hökumətində) Ermənistanla münasibətlərin yaradılması üçün ən optimal təklif bundan ibarət idi. Onsuz da indi Ermənistan işğal altındakı rayonlardan beşini azad etməyə razılaşır. Ermənistan bu rayonları azad etdikdən sonra Türkiyə sərhədləri açır, diplomatik münasibətlərin bərpası istiqamətində ilkin addımlar atılır. Lakin danışıqlarda Ermənistanın qarşısına Dağlıq Qarabağ da daxil olmaqla digər Azərbaycan torpaqlarının da işğaldan azad edilməsi ilə bağlı şərt qoyulur və konkret zaman verilir. Əgər bir və ya üç il müddətində Ermənistan işğal etdiyi ərazilərdən çəkilmə, sərhədlər yenidən bağlanır”.

Qeyd eləmək yerinə düşər ki, AKP iqtidarında bu təklifin tərəfdarı olanlar bunu bir az korrektələrlə özlərinə yaxın mediada da səsləndirmişdilər.

Amma təbii ki, açılan sərhədin yenidən bağlanması tamamilə real görünməyən nağıldır.

Eyni zamanda Praqa danışıqlarında gözləntilərin əksinə olaraq Ermənistanın güzəştə getməkdən boyun qaçırması Ankaranın planlaşdırdığı ssenarini alt-üst etdi, son nəticədə baş nazir Ərdoğan Azərbaycanla münasibətləri bərpa etmək üçün Bakıya gəlməli və “Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaq” kimi Azərbaycan ictimaiyyətini tam qane edəcək bəyanatla çıxış edərək, söz verməli oldu. Əgər Ankaranın yürütdüyü siyasət gerçəkdən də sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası kimi üsullarla Ermənistanı şirnikləndirməyə və bu dövləti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında güzəştlərə məcbur etməyə hesablanıbsa, o zaman belə bir qənaətə gəlmək olar: “Kişinyov danışıqları ərəfəsində diplomatik münasibətlərin bərpasına dair iki protokolun imzalanması barədə razılaşma Ermənistanın münaqişənin nizamlanmasına dair danışıqlarda güzəştə getməsini stimullaşdırmaq məqsədi daşıyır.

İKİNCİ VERSİYA. Ankara Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gəlməsi ehtimalının sıfıra bərabər olduğunu bilir və bu səbəbdən ilk öncə öz problemlərini həll etməyə çalışır. Türkiyənin Ermənistanla bağlı ciddi problemləri mövcuddur, bu problemlər - sərhədyanı bölgələrin iqtisadi inkişaf baxımından geri qalması, ticarət üçün bazarlardan birinin itirilməsindən ibarət deyil. AKP iqtidarı üçün bu kontekstdə ən böyük problem Türkiyəyə qarşı ciddi təzyiq vasitəsinə çevrilən qondarma “erməni soyqırımı” iddiaları və “böyük qardaş” ABŞ-ın təzyiqləridir. Ankara ya indiyədək yürütdüyü xarici siyasət kursundan imtina etməyərək xarici təzyiqlərə davam gətirməli, yaxud da Azərbaycanla münasibətləri zərbə altına qoyaraq Ermənistanla münasibətləri normallaşdırmalıdır. Seçim qarşısında qalan Türkiyə hər iki tərəfin (ABŞ-Ermənistan və Azərbaycan) maraqlarını tarazlaşdırmağa məcburdur. Ermənistanla dialoqun nəticələrinin məhz prezidentlərin görüşü ərəfəsində açıqlanması belə bir təxmin formalaşdırmağa imkan verir: “Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gəlmək ehtimalı sıfıra bərabərdir. Bunu yaxşı bilən Türkiyə Ermənistanla yaxınlaşmasını bu ölkəni güzəştlərə məcbur etmək istəyi ilə əsaslandırmağa çalışır. Belə olan təqdirdə Azərbaycan öz maraqlarını nəzərə alaraq Türkiyənin manevrlərinə göz yumur və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəticəsiz qalan danışıqlar fonunda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq prosesini addım-addım irəli aparır”.

Bu versiyalardan hansının doğru olduğunu söyləmək çətindir. Lakin Türkiyənin Azərbaycanla ikili oyun Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addım-addım irəliləməsi versiyası daha ağlabatandır. Çünki bu ssenaridə Türkiyə özünü həm “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını stimullaşdıran tərəf” olaraq Azərbaycanın, həm də “Ermənistanla münasibətləri normallaşdırmağa çalışan tərəf” kimi ABŞ-ın təzyiqlərindən müvəqqəti olaraq sığortalamış olur.

Türkiyənin “kürd açılımı” kimi “Ermənistan açılımı”nı da Vaşinqtonun diktəsi ilə gerçəkləşdirdiyi göz qabağındadır. Kürd probleminin həlli ilə bağlı Türkiyə hökumətinə hesabat hazırlayan və bununla da “kürd açılımı”nın təməl əsaslarını formalaşdıran ABŞ-ın “Atlantic Council” təşkilatının eksperti David Filipsin ABŞ hökumətinin dəstəyi ilə yaradılan Türkiyə-Ermənistan uzlaşma komissiyasının sədri təyin olunması buna sübutdur. Bu gün masada olan “Türkiyə-Ermənistan yol xəritəsi” məhz amerikalı ekspertin sədrlik etdiyi bu komissiya tərəfindən hazırlanaraq tərəflərə təqdim olunub. “Ermənistan açılımı”nın ABŞ tərəfindən idarə olunmasını isbatlayan daha bir məqam bu prosesə məhz Barak Obamanın Türkiyəyə səfərindən dərhal sonra start verilməsidir. Obama Türkiyə parlamentində çıxışı zamanı bu ölkənin heç bir ilkin şərt irəli sürmədən Ermənistanla diplomatik münasibətləri bərpa etməli və sərhədləri açmalı olduğunu bildirib. Ötən müddət ərzində yürüdülən siyasətin təhlili göstərir ki, Ərdoğan hökuməti Barak Obamanın cızdığı çərçivədən kənara çıxa bilmir və ya bunu istəmir.

Son hadisələrdən sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı nə qədər böyükdür? İki ölkə arasında imzalanması nəzərdə tutulan protokollarda sərhədlərin açılması prosedurası bu cür müəyyənləşdirilib. Əvvəlcə altı həftə ərzində bu protokol imzalanmalı, daha sonra hər iki ölkənin parlamentində ratifikasiya olunmalı, yalnız bu prosesdən iki ay sonra sərhədlər açılmalıdır. Müəyyənləşmiş qrafiki nəzərə alsaq, iki ölkə arasında sərhədlərin açılması yanvar ayından tez gerçəkləşə bilməz. Eyni zamanda imzalanmış protokolun parlamentlərdə nə zaman ratifikasiya olunacağı vaxtı dəqiq müəyyənləşməyib. Bu baxımdan diplomatik münasibətlərin qurulmasına dair protokol imzalansa belə, bu sənədin parlamentin müzakirəsinə çıxarılması illərlə uzadıla bilər. Başqa sözlə, Türkiyə belə bir protokol imzalamaqla üzərinə sərhədləri açmaq öhdəliyi götürmür, əksinə Ermənistan və Azərbaycan arasında daha geniş manevr etmək imkanı qazanır.

Bu situasiyada sərhədlərin açılmasının əleyhinə olan faktorlardan biri Türkiyə baş nazirinin ictimai rəyə son dərəcə həssaslıqla yanaşan siyasətçi olmasıdır. Türkiyədə keçirilən çoxsaylı sosioloji sorğular əhalinin böyük əksəriyyətinin Ermənistanla sərhədlərin açılmasına qarşı olduğunu göstərir. Hər addımını seçici səsi qazanmağa hesablayaraq atan Ərdoğanın bu qədər ciddi ictimai etiraz qarşısında sərhədləri açmaq istiqamətində hansısa addım atacağı inandırıcı görünmür. Digər tərəfdən Türkiyənin baş naziri “Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq” vədini yerinə yetirməməsinin təmsil etdiyi iqtidara daxili və xarici müstəvidə hansı mənfi dividentlər gətirəcəyini yaxşı bilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR