“Stratfor”: 2010-cu ildə Cənubi Qafqaz regionunda qarşıdurma daha da dərinləşəcək

“Stratfor”: 2010-cu ildə Cənubi Qafqaz regionunda qarşıdurma daha da dərinləşəcək
# 14 yanvar 2010 12:08 (UTC +04:00)
Bakı-APA. “Ötən il Türkiyənin regional qüvvə kimi transformasiyası ilə yadda qaldı. Bu transformasiyanın əsas istiqamətləri Orta Asiya, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Qafqazda sınaqdan keçirildi”. Bu fikirlər ABŞ-ın tanınmış qlobal analitik şirkəti “Stratfor”un APA üçün hazırladığı hesabatda öz əksini tapıb. Hesabatda bildirilir ki, Türkiyənin ilk addımları məhz Qafqaz istiqamətində atacağı gözlənilirdi: “Ermənistanla münasibətlərin yenidən qurulması cəsarətli addım olsa da, bu kampaniyaya Rusiyanın dəstəyi ilə təkan verildi. Rusiya son illər Türkiyədə gedən prosesləri yaxından izləyərək güclənən rəsmi Ankaradan iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, güclənən Türkiyə ilə daha yaxın əlaqələr qurmaq, ikincisi, bu əlaqələrdən istifadə edərək Ermənistanla Azərbaycanı Rusiyaya daha yaxından bağlamaq. Bu o demək deyil ki, keçən il bas verən hadisələr Rusiyanın qurduğu oyun idi. Lakin onların tətbiq etdiyi bəzi gedişlər tam olaraq rusların müvəffəqiyyəti ilə yekunlaşdı”.

“Stratfor” yazır ki, “Türkiyə Azərbaycanla münasibətlərinin kifayət qədər güclü olub-olmadığını bilmək istəyirdi ki, öz nüfuzunu bütün Qafqaza yaya biləcəyinə və Ermənistanla əlaqələri bərpa edəcəyinə əmin olsun. Lakin baş verənlər rəsmi Ankaranın bu gedişinin səhv olduğunu göstərdi və Rusiya yaranmış vəziyyətdən bəhrələndi. Rəsmi Moskva Türkiyəni Ermənistanla əlaqələri bərpa etməyə ruhlandırdığı bir vaxtda Azərbaycana mesaj göndərirdi ki, iki ölkə arasında münasibətlər yenidən qurulsa, Moskva Bakının maraqlarını qoruyacaq. Eyni zamanda Rusiya Ermənistan daxilində siyasi, iqtisadi və sosial dayaqlarını dərinləşdirməkdə idi”.

Hesabatda bildirilir ki, “türklərin Ermənistanla danışıqları irəli getdikcə, Rusiya Azərbaycanı inandırmağa çalışırdı ki, türklər öz qan qardaşlarının marağını təmin etməyəcəklər. Nəticədə Azərbaycan Türkiyə ilə siyasi, sosial və enerji sahələrdə geriləməyə yol verdi ki, bundan da ruslar istifadə etməyə tələsdilər. 2009-cu ilin sonunda vəziyyət daha da gərginləşdi. Türkiyənin Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla münasibətləri bərpa edəcəyi barədə məlumatlar fonunda Azərbaycanın işğal olunmuş ərazilərə hərbi yolla müdaxilə etməyə hazırlaşması barədə xəbərlər yayıldı. Elə həmin dövrdə də Rusiya Ermənistana öz öhdəliyini yerinə yetirməyə imkan vermədi.

Bununla da 2009-cu ilin sonunda rəsmi Ankaranın Qafqazda öz imkanlarını səhv qiymətləndirdiyi aydın oldu. Nəticədə Türkiyənin rəsmi Bakı ilə münasibətləri korlandı və Ankara Ermənistanla münasibətləri də bərpa edə bilmədi. Üstəlik Türkiyə öz addımları ilə Rusiyanın nüfuzunu artırmış oldu. Son nəticə olaraq Türkiyə Ermənistanla əməkdaşlığını dondurub və atacaq növbəti addımlarının təsirini hesablayır”.

“Stratfor” hesab edir ki, 2010-cu ildə regionda qarşıdurma daha da dərinləşəcək. “Türkiyə regionda nüfuzunu artırmağa çalışsa da, Rusiya daim buna mane olacaq. 2010-da həmçinin Rusiya Ukrayna, Belarus və Qazaxıstanda öz nüfuzunu ciddi şəkildə artıracaq. Qafqaz ölkələri də bu prosesləri diqqətlə izləyəcəklər ki, Moskvanın planlarını tam anlasınlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR