ABŞ-ın 46-cı prezidenti: Fövqəldövlətin Baydenlə yeni dönəmi başlayır - TƏHLİL

ABŞ-ın 46-cı prezidenti: Fövqəldövlətin Baydenlə yeni dönəmi başlayır - TƏHLİL
# 19 yanvar 2021 16:31 (UTC +04:00)

Bu günlərdə hamının diqqət mərkəzi sovetlərin dağılmasından sonra dünyanın fövqəldövləti statusu qazanan ABŞ-dakı siyasi proseslərə yönəlib. Yanvarın 20-də ABŞ-ın yeni prezidenti Co Baydenin andiçmə mərasimi baş tutacaq. Baydenin məsləhətçisi Keyt Bedinfildin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden çərşənbə günü inauqurasiya çıxışında ölkə üçün müsbət və nikbin bir versiya ortaya qoymağı planlaşdırır və vəzifəsindən gedən Trampın rəhbərliyi altında son dörd ilin parçalanma və nifrət səhifəsini çevirməyə çalışacaq. Co Baydenin andiçmə mərasiminin təhlükəsizliyinin qorunması üçün 50 ştatdan 25 minə yaxın milli qvardiyaçı cəlb olunacaq. Alınan məlumatlara görə Co Baydenin andiçmə mərasiminin pozulmasına çalışan qüvvələr silahlı hücum təşkil edərək təxribat törətmək istəyirlər. FTB milli qvardiya üzvlərinin içindən də təxribatçılara dəstək verə biləcək hərbçilərin olacağından ehtiyat edir.

Bu arada Co Bayden Administrasiyasının bir çox üzvünün adı artıq ictimaiyyətə açıqlanıb. Onlar içərisində erməni millətindən olanlar da var. Milliyyətcə erməni olan Hayk Hacnazaryan Ağ Evin regional kommunikasiya departamentinin rəhbəri təyin edilib. Livan ermənisi Hayk Hacnazaryan bu təyinatdan əvvəl Baydenin Qərbi Pensilvaniyadakı seçki kampaniyasının mətbuat katibi olub. Ondan əvvəl isə senator Joe Donnellinin mətbuat katibi vəzifəsini icra edib.

Digər erməni Ceff Marutyan isə İqlim Araşdırmaları Agentliyi rəhbərinin xüsusi köməkçisi təyin edilib. Marutyan əvvəllər Barak Obamanın aparatında çalışıb, ABŞ Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib. O, 2012-ci ildə Obama-Bayden kampaniyası zamanı Demokratik Milli Komitənin LGBT üzrə məlumat direktoru olub.

Eyni zamanda, Co Bayden Dövlət katibinin Birinci müavini və müavinləri postuna namizədlər irəli sürüb.

Co Bayden ABŞ dövlət katibinin birinci müavini vəzifəsinə Vendi Şermanın namizədliyini irəli sürüb. İranın nüvə proqramı, KXDR-nin nüvə silahı və ballistik raketləri ilə bağlı danışıqlarda iştirak etmiş Vendi Şerman Obama tərəfindən “Milli təhlükəsizlik qalxanı” medalı ilə təltif edilib.

Dövlət katibinin müavini postuna namizəd Viktoriya Nuland isə MDB-də kifayət qədər yaxşı tanınır. Dövlət katibinin siyasi məsələlər üzrə müavini olacaq Nuland Dövlət Departamentində 30 il işləyib. ABŞ prezidentinin Rusiya və keçmiş SSRİ ölkələri üzrə əsas məmuru olub. Ukraynada 2014-cü ildə inqilab zamanı ABŞ dövlət katibinin müavini olan Nulandın aktiv fəaliyyəti ona “inqilab ifritəsi” ləqəbini qazandırmışdı. Rusiya Xarici İşlər Nazirliyi onun adını “qara siyahı”ya salıb.

Dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini vəzifəsinə isə 20 illik diplomat təcrübəsi olan Uzra Zeyanın adı namizəd kimi  göstərilib.

Dövlət katibi vəzifəsinə namizədə gəldikdə, bu posta namizəd Entoni Blinken Transatlantik strategiyanın alternativinin olmadığını düşünən şəxslərdəndir. Blinken Putin Rusiyasını da bu strategiyaya ən böyük təhlükə və mane hesab edir. Blinken Rusiyaya qarşı tətbiq edilmiş ilk sanksiyaların müəllifi, Ukraynanın silahlandırılmasının qızğın tərəfdarı kimi tanınır.

Ceyk Sallivanın prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsinə təyinatı isə Vaşinqtonun xarici siyasətini həyata keçirəcək komandanı tamamlanması deməkdir. Rusiyanın hökumətə yaxın KİV-ində Co Baydenin komandası artıq “Qurd sürüsü” kimi qiymətləndirilib.

Yeri gəlmişkən, dünya miqyasında Co Baydenin hakimiyyətə gəlməsinə ən az sevinənlər sırasında yəqin ki, əminliklə ancaq Rusiyanın adını çəkmək olar.

Co Baydenin qalib gəlməsinə sevinənlər isə kifayət qədər çoxdur. Çinlilər Trampın Ağ evi tərk etməsinin iki ölkə arasında ticarət müharibəsinin başa çatması ilə nəticələnəcəyinə ümid edirlər. Avropalı liderlər də Co Baydenin qalib gəlməsi ilə Trampın prezidentliyi dövründə korlanmış siyasi və iqtisadi münasibətlərin əvvəlki səviyyəsinə qayıdacağına ümidlidirlər. Avropalı liderlər Co Baydenin prezidentliyi dövründə Trampın zamanında ABŞ-ın tərk etdiyi Paris İqlim Sazişinin, İranın nüvə sənayesi fəaliyyətini məhdudlaşdıran Birgə Hərtərəfli Hərəkət Planının (Joint Comprehensive Plan of Action) yenidən bərpa olunacağına inanırlar. Ən əsası isə Co Baydenin prezident seçilməsi ilə Transatlantik əməkdaşlığın əvvəlki səviyyəsinə qayıdacağına, Vaşinqtonun NATO çərçivəsində öhdəliklərinə sadiqliyi ilə bağlı müttəfiqlərində əminlik yaradacağına ümid bəsləyirlər.

İran da, Çin və Almaniya, Fransa kimi Trampın hakimiyyətdən getməsinə sevinənlər sırasındadır. Hələ seçkilər zamanı, Demokrat namizəd prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın İrana qarşı siyasətini dəyişdirəcəyini bildirərək, "yeni hökumətin siyasəti elə olacaq ki, ilk addımda İranın nüvə silahları əldə etməsinin qarşısını almağa zəmanət verəcək" demişdi. Lakin eyni zamanda, Bayden Tehrana qarşı siyasətində üçüncü bir addım olaraq İsrail rejiminin İranın regional aktivliyinə qarşı fəaliyyətə keçməsinə şərait yaradacağını və İrana qarşı "insan haqları pozuntuları", "terrorizmə dəstək" və "raket proqramı" kimi sahələr üzrə məqsədyönlü sanksiyalardan istifadə edəcəyini söyləmişdi.

Tramp dövründə ABŞ-ın Latın Amerikasındakı əsas düşməni olan Maduro da Trampın məğlubiyyətinə görə sevinənlər sırasındadır. Məlumata görə, Baydenin Tramp administrasiyasından fərqli olaraq, Venesuela prezidenti Maduronun vəzifəsindən getməsini əsas şərt saymır, birbaşa danışıqlara hazır olduğu da ifadə edilib. Baydenin müşavirlərinin dediyinə görə, Venesueladakı böhran rəhbərliyin Qərb yarımkürəsində qarşılaşacağı ən böyük diplomatik problem olacaq.

Bizi maraqlandıran məsələ isə təbii ki, ABŞ-ın yeni hakimiyyətinin Azərbaycana münasibəti və Qarabağ məsələsində tutacağı mövqe ilə bağlıdır. ABŞ-dakı erməni lobbisi Co Baydenin prezident seçilməsindən istifadə edərək Azərbaycana təzyiqləri artırmağa çalışacaq. Artıq bununla bağlı müəyyən əlamətlər görünməyə başlayıb. Bəzi analitiklər diqqəti Co Baydenin keçmişdəki fəaliyyətinə yönəldərək qeyd edirlər ki, o, bütün siyasi karyerası boyunca ermənipərəst mövqe ortaya qoyub. Məsələn, Co Baydenin Azərbaycana qarşı bir sıra məhdudiyyətlər nəzərdə tutan "Azadlığa dəstək" Aktına 907-ci düzəlişə səs verməsi hər kəsə məlumdur. Lakin digər tərəfdən, Co Bayden vitse-prezident olduğu 8 il ərzində 907-ci düzəliş dondurulmuşdu və Azərbaycan ABŞ-dan birbaşa yardımlar alırdı. Buna görə də onun Qafqazdakı fəaliyyəti ilə bağlı birmənalı fikir söyləmək hələ ki, tezdir. Üstəgəl bir çoxunun fikrinə görə, Co Baydenin namizədliyinin irəli sürülməsində əsas məqsəd Trampın hakimiyyətdən getməsi idi. Real olaraq idarəçiliyə isə vitse-prezident Kamala Harris başçılıq edəcək.

Ümumilikdə isə, qeyd etmək lazımdır ki, Bayden xarici siyasətdən öncə daxili çağırışların həlli ilə məşğul olmalıdır. İş orasındadır ki, Co Bayden hələ 46-cı prezident qiyafəsində Ağ evə ayaq basmamış artıq Amerika tarixində bəlkə də Franklin Ruzveltdən bu yana heç bir prezidentin üzləşmədiyi bölücülüklə üzləşib, odur ki, o, vaxtını və enerjisini ilk növbədə Amerikanın daxilində barışıq-bərpa işlərinə sərf etməli olacaq. ABŞ prezidenti qarşısında fundamental daxili çağırışlar olsa da, onun əsl diplomat olmasını unutmamalıyıq. Ona görə çox güman ki, Co Bayden daxili siyasətdə kabinetinin köməyindən istifadə etsə də, xarici siyasətə şəxsən özü rəhbərlik edəcək. Unutmayaq ki, o, bütün karyerası boyu - istər vitse-prezident qismində, istər Senatın Xarici Əlaqələr Komitəsinin sədri postunda, istərsə də əvvəlki vəzifələrində xarici siyasətlə məşğul olub.

Yeni komanda artıq xarici siyasətdə bir sıra mühüm dəyişikliklərin - xüsusilə də "Trampdanqalma" bir sıra mənfi təzadlara son qoymağın müjdəsini verib. İlk növbədə, ABŞ-ın Rusiya, Misir, Körfəz dövlətləri ilə münasibətləri, Yəmən müharibəsi, Səudiyyə Ərəbistanın şıltaqlıqları kimi məsələlərə yanaşması kökündən dəyişəcək.

Həmçinin ehtimal olunur ki, Trampdan fərqli olaraq Bayden beynəlxalq səhnədə Avropa İttifaqı və NATO-ya  xüsusi diqqət ayıracaq.

Hər halda, dəqiq olan odur ki, ABŞ-ın yeni prezidenti Bayden kifayət qədər çətin dönəmdə hakimiyyətə gəlib. Ələlxüsus, ölkə daxilində səhnənin arxasındakı qruplar arasındakı münaqişə və çəkişmə fonunda bundan sonra baş verənlər həm ABŞ, həm də dünya üçün əhəmiyyət daşıyır. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR