ABŞ-ın o keçmişlə kimisə soyqırımında ittiham etməyə haqqı çatmır - TƏHLİL

ABŞ-ın o keçmişlə kimisə soyqırımında ittiham etməyə haqqı çatmır - TƏHLİL
# 26 aprel 2021 11:42 (UTC +04:00)

Uzun illər saxta “erməni soyqırımı” iddialarından Türkiyə dövlətinə qarşı şantaj aləti kimi istifadə edən ABŞ 24 aprel 2021-ci il tarixində Prezident səviyyəsində soyqırımı ifadəsini dilə gətirdi.

Buna qədər də elə ABŞ-ın təhriki və təsiri altında onun islamafobiyadan və türkafobiyadan ciddi əziyyət çəkən müttəfiqləri də daxil olmaqla otuz dünya dövləti parlament və ya dövlət səviyyəsində bu saxta soyqırımını tanımışdı. Hətta Avropa İnsan Haqları Məhkəməsinin yerləşdiyi Fransada bu uydurulmuş hadisənin olmadığını iddia etmək cinayət məsuliyyəti belə yaradır. İndi 31-ci dövlətin Prezidentinin bu ifadəni dilə gətirməsi, hətta həmin şəxsin dünyanın hegemon ölkəsi olan ABŞ-ın lideri olması belə Yer kürəsinin hərəkət trayektoriyasında hansısa dəyişikliyə səbəb olmayacaq. Ancaq niyə məhz indiki məqamda təkcə regionda deyil, dünyada, xüsusilə də dünyanın geniş bir coğrafiyasını əhatə edən iki milyardlıq İslam aləmində, o cümlədən də yarım milyarda yaxın türk xalqları arasında nüfuzu çox sürətlə artmaqda olan Türkiyəyə qarşı bu addım atıldı? Təbii ki, bunun bir sıra ciddi səbəbləri və geosiyasi əsasları var.

Öncə özünü dünyanın ağası hesab edən ABŞ bu addımı ilə bir daha bu gün də bütün dünya üzrə “parçala hökm sür” siyasətini yürütdüyünü və istənilən an ən yaxın müttəfiqini belə öz maraqlarına qurban verməyə hazır olduğunu sübut etdi. Təbii ki, Türkiyənin həm regionda, həm də bütün dünyada artan nüfuzu və yüksək inkişaf tempi bir çox dünya dövlətlərini və ABŞ-ı ciddi şəkildə narahat etməyə bilməzdi. Ancaq bilavasitə ABŞ-a münasibətdə bundan da vacib amil digər bir məqamla bağlıdır. Sovetlər birliyindən sonra dünyanın vahid super gücü olan və bu dünya təkhakimiyyətliliyini mümkün qədər uzunömürlü etmək uğrunda hər gün əlindən gələn hər şeyi edən “Sem dayı”nın yuxusuna haram qatan yatmış nəhəng obrazlı Çindir. Özünə hələlik yeganə alternativ hesab etdiyi Çinin səssizliyindən dəhşətə gələn ABŞ artıq ona açıq savaş elan edib və bu savaşda onun yanında olmayan, hətta neytral mövqe tutmaq istəyən bütün dövlətləri hər yolla şantaj etməkdədir. Türkiyəyə qarşı atılan bu addımın ən əsas və geosiyasi səbəblərindən biri məhz budur.

Digər amil hazırda Türkiyənin yerləşdiyi və onun təsir dairəsinə aid olan regionda baş verən əhəmiyyətli hadisələrlə bağlıdır. Ümumilikdə elə ABŞ-ın da daxil olduğu Qərb dünyasının sənət əsərləri olan münaqişələrin həllində aktiv iştirakı Türkiyəni hədəf halına gətirməyə bilməzdi. Demokratiya və insan hüquq və azadlıqları “istehsalıçıları”nın münaqişə toxumları səpdiyi Liviya, Suriya, İraq və hətta cənubi Qafqazda belə özünəməxsus ədalətli mövqe ortaya qoyan Türkiyəni uydurma soyqırımında ittiham etmək, planları pozulan həmin dövlətlərin çarəsizliyinin təzahürüdür. Qoca və məkrli planların məskəni olan Avropanın tarix boyu münasibətlərini gərgin fazada saxlamağa çalışdıqları Türkiyə ilə Rusiya və Türkiyə ilə İran arasında konsensus işartıları Qərb üçün ayrıca bir başağrısına çevrilib.

Cənubi Qafqaz mövzusu, xüsusilə də “Qordi düyünü”nə çevrildiyi düşünülən Qarabağ probleminin özünü dünyanın “ağsaqqal”ları hesab edənlərin iştirakı və istəyi olmadan həll edilməsi uydurma soyqırımını tanıyan Fransa kimi, ABŞ-ın da kefinə soğan doğramışdı. Ermənistanı yeni reallığa adaptasiya etmək, regionda sülhü və sabitliyi bərqərar etmək və ABŞ-ın da zamanında qapadılmasında fəal rol oynadığı Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Ermənistan və Azərbaycanla Ermənistan arasında sərhədlərin də açılması bir neçə əsrlik planın pozulması deməkdir. Ağılsız və dəcəl uşaq obrazını böyük ustalıqla ifa edən erməniləri zamanında bu regiona köçürən qüvvələr o “uşağ”a dişlərini qıracaq bərklikdə “Böyük Ermənistan” adlı konfet verməklə çox məkrli bir plan qurublar. Türkiyəyə və Azərbaycana qarşı hazırlanmış bu planın elə hədəfdə olan dövlətlərin özləri tərəfindən ifşa edilməsi cavabsız qala bilməzdi.

Bundan başqa, çox böyük zaman ərzində planlaşdırılmış və otuz ilə yaxın mövcud olmuş Qarabağ probleminin günlərin birində həlli və bu prosesdə dəstəkçilərinin Ermənistana heç bir yardım edə bilməməsi dünya ermənilərini hiddətləndirmişdi. Makron kimi daha çox növbəti seçkiləri düşünən və döş cibindəki qələmində belə erməni izi olan Bayden də onun hakimiyyətə gəlməsində mühüm rol oynamış erməni təşkilatlarının haqqını qaytarmalı idi. Ancaq bu soyqırımı şousu haqq ödəməkdən daha çox, erməniləri və Ermənistanı daha böyük və məkrli oyuna gətirməyə bənzəyir.

Tarixə nəzər salsaq, dünyada soyqırımı ittihamları ilə çıxış etmək haqqı olmayan əsas dövlətlərin elə ABŞ və Fransa olduğunu görmək olar. Hətta ittiham etməyə bir şans verilsə, belə bu dövlətlər yalnız bir-birini ən dəhşətli soyqırımı törətməkdə ittiham edə bilər.

İki yüz əlli ilə yaxın mövcudluq tarixi olan ABŞ elə iki əsr yarımdır ki, şimali Amerikanın aborigen əhalisini qırmaqla və onlara qarşı soyqırımı cinayətləri etməklə məşğuldur. Bu gün də ABŞ küçələrində qaradərili insanlarla heyvan kimi davranılır, onlar aşkar şəkildə ən ağır cinayətlərin, polis zorakılığının qurbanına çevrilir. Dünyada həşəratların belə ayrı-ayrı növlərini qorumaqla özləri barədə canlıların nəslini xilas etmək obrazı yaratmağa çalışan amerikalılar iki əsr yarım ərzində dörd yüzə qədər hindi tayfasını qırıb, yerli əhaliyə aid bütün yaşayış məntəqələrini tarixdən siliblər. Təkcə onu qeyd etmək kifayətdir ki, amerikalıların özlərinin qəhrəmanı hesab etdikləri, XIX əsrdə yaşayan, ABŞ vətəndaş müharibəsinin ən fəal generallarından biri və ən yüksək hərbi rütbə olan ordu generalı səviyyəsinə yüksəlmiş Filip Henri Şeridanın “ən yaxşı hindu ölü hindudur” ifadəsi amerikalılar arasında dillər əzbəridir. Belə bir dövlətin Prezidenti Türkiyəni soyqırımı törətməkdə ittiham edərək, 568 ildir İstanbul adını daşıyan şəhərə hədsizcəsinə Konstantinopol deyir. Elə bu məqam ABŞ boyda nəhəng dövlətin prezidentinin yürütdüyü siyasətin nə qədər cılız olduğundan xəbər verir. Bununla ABŞ əslində hansısa soyqırımının olmadığını və soyqırımına məruz qaldıqlarını iddia etdikləri ermənilər üçün deyil, özünün sələfi hesab etdiyi Bizansın paytaxtına görə narahat olduğunu ortaya qoyur.

Milyonlarla yerli hindunun qanı üzərində qurulan ABŞ dövləti həmin qanlı cinayətlərini bu gün də, bütün dünya üzrə davam etdirməkdədir. Həmin cinayətlərin davamı idi ki, ABŞ dünya tarixinə nüvə silahından dinc insanlara və mülki əhaliyə qarşı istifadə edən yeganə dövlət kimi düşüb. Yaponiyaya atom bombası atması, Vyetnamda axıtdığı qanlar, Əfqanıstanda törətdiyi qırğınlar, Yuqoslaviyada dinc sakinlərin başına tökdüyü bombalar və ərəb ölkələrini yerlə yeksan etməsi ABŞ-ın yazdığı silinməz qanlı monoqrafiyadır. Bu cür keçmişi və bu günü olan dövlət heç bir dövləti və xalqı bir əsrdən artıq əvvəlki dövrə aid uydurma və əsassız soyqırımında ittiham edə bilməz. Ümumiyyətlə, hüquqi dövlətdən, qanunun aliliyindən dəm vuran, hətta istənilən şəxsin məhkəmə qərarı olmadan ən sadə qanun pozuntusunda belə ittiham olunmasını qanunla qadağan edən ABŞ-ın Prezidenti əlində heç bir sübut, dəlil və ya fakt olmadan Türkiyəni ən ağır cinayətlərdən birində suçlaması o dövlətin mahiyyətindən və məzmunundan xəbər verir.

Təsadüfi deyildi ki, Baydenin uydurma “erməni soyqırımı” şousundan dərhal sonra Türkiyə dövlətinin başçısına telefon edən Prezident İlham Əliyev bu addımı siyasi, diplomatik və ya digər növ səhv deyil, məhz tarixi səhv adlandırdı. Bəli, bu, çox ciddi tarixi səhv idi və bunun nəticələri hələ uzun müddət dövlətlərarası münasibətlərdə özünü göstərəcək. ABŞ və NATO ölkələri, bütün Qərb anlamalıdır ki, onlar üçün çox böyük əhəmiyyət kəsb edən Türkiyə ilə belə davranmaq olmaz. Bu, daha çox onların özünə ziyandır.

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR