“Amnesty International” diqqətinə 10 prinsip

“Amnesty International” diqqətinə 10 prinsip
# 09 oktyabr 2020 17:09 (UTC +04:00)

Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan “Amnesty International” təşkilatı fəaliyyətini hüquq pozuntusunun müdafiəsinə yönəltməkdənsə, beynəlxalq hüququn 10 qızıl prinsiplərini öyrənməyi tövsiyə edirəm.

Bu prinsiplərin hamısı separatçı Ermənistan dövləti tərəfindən pozulmuşdur: 1. Suverenliyə hörmət; 2. Silahlı qüvvələrdən istifadə etməmək; 3. Sərhədlərin toxunulmazlığı; 4. Dövlətlərin ərazi bütövlüyü; 5. Mübahisələrin dinc yolla həlli; 6. Bir-birinin daxili işlərinə qarışmamaq; 7. İnsan hüquq və azadlıqlarına hörmət etmək; 8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; 9. Dövlətlər arasında əməkdaşlıq; 10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını göstərib. Azərbaycanın suverenliyinə qəsd edib (1-ci prinsip), ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edib (2-ci prinsip), sərhədlərimizi pozub (3-cü prinsip), ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirib və təcavüzkar əməlləri ilə bunu bir daha təsdiqləyib (4-cü prinsip), Azərbaycanın daxili işlərinə qarışıb, bu, Dağlıq Qarabağda məhz Ermənistan hökumətinin təhriki ilə başlayan proseslərdə öz əksini tapır (6-cı prinsip), bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayıb (7-ci prinsip), millətlərin bərabərliyi anlayışına hörmət etmədiyini və azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirib, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verib (9-cu prinsip), beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirmir (10-cu prinsip). Digər bir tərəfdən yaxşı olardı ki, “Amnesty International” və beynəlxalq hüququ yaradan digər beynəlxalq təşkilatlar hüquq pozuntusunun müdafiə etməkdənsə həmin 10 prinsiplər əsasında qəbul olunan Birləmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və BMT Baş Assambleyasının 48/11, 60/285, 62/243, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1059,1119, 1416, 1553, 2085 o cümlədən, Avropa Parlamentinin (AP) 2216, 2315 saylı qətnamələrinin və digər qərarlarının icrasını təmin etmək üçün canfəşanlıq edərdilər. Ancaq gecdir, yeni dünya nizamında regionun da nizamı yenilənir. Azərbaycan öz ərazi bütövlüyünün təmin etməklə yanaşı həm də beynəlxalq hüququn - beynəlxalq təşkilatların qərarlarını təkbaşına icra edir. Heç olmasa susun! Ərköyün dövlətiniz olan Ermənistan hökumətini qərarlarınızı 30 ildə ayaqları altına atdığı üçün siz də üzr istətdirin.

Zaur Adıgözəlov

Tarix üzrə fəlsəfə doktoru, hüquqşünas

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR